Məhkəmə qərarları › İş №3(008)-5385/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5385/2025

06.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5385/2025 06.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axundzadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı, X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da AR İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı, X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərərk barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 1 həftə öz tanışları ilə birlikdə oturan zaman ona BDYPİ-nin əməkdaşı zəng edərək onun etdiyi müraciətlə bağlı ondan bəzi məlumatları soruşmuşdur. O, həmin şəxslə danışıb qurtardıqdan sonra yanında olan xanım ondan həmin adamın telefon nömrəsini istəmişdir. Zarafat məqsədilə nəsə yazmışdır. Sonrdan onların öz aralarındakı yazışmalarından xəbəri olmamışdır. Əgər xanım o şəxsi narahat edirdisə onu bloka ata bilərdi. Onların pis niyyəti olmamışdır. Sadəcə öz aləmlərində əylənmək istəmişdlər. Əməlindən peşmandır, gələcəkdə bu kimi hallara yol verməyəcəkdir. Həmin şəxsdən etdikləri hərəkət üçün üzr istəyir. Polisdən telefon və ya pul istəməsinə gəldikdə isə, bölmədə olarkən onunla polis əməkdaşı Aqil adlı şəxs kobud davrandığı, onun şəxsiyyətini alçatdığı üçün o, pul və ya telefon verilməsini təklif etmişdir. O, nazirin qəbuluna düşməyin çətin olduğunu bildiyi və bunu etmək istəmədiyi üçün belə bir təklif etmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Şəxs tanımır. xx.xx.2025-ci il tarixdə şikayətində qeyd etdiyi nömrədən ona “watsapp” vasitəsilə qeyri-müəyyən məzmunda mesaj gəlmişdir. Həmin mesajı cavablandırmamışdır. Ardınca əxlaqsız təkliflərlə dolu yeni mesajlar yazılmışdır. Cavablandırmasa da, həmin şəxs günün müxtəlif vaxtlarında zənglər edərək onu və olduğu ortamı narahat etməyə başlamışdır. Xanım səsi ilə edilən mobil zəng, smslər onu narahat etdiyi üçün və növbəti günlərdə şantaj xarakterli məsələlərə yönəlmə ehtimalı ola biləcəyini nəzərə alıb 13-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Şəxsin şöbədə davranışları da bu kimi halların birinci dəfə olmadığı, onun üçün adi bir hal olduğu və çox rahat olduğu təssüratını yaratmışdır. Bir polis əməkdaşına qarşı bü cür hərəkətlərə yol verməsi isə ümumiyyətlə qəbul olunmazdır. 13-cü PŞ-nə çağırıldıqdan sonra şəxsin polis əməkdaşını hədələyərək pul tələb etməsi də ona mesajlar yazmasının gələcəkdə bundan şantaj məqsədilə istifadə etmək niyyətini göstərir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Aqil Əsgərzadə izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə vətəndaş X2 13-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona tanımadığı nömrədən qeyri-müəyyən qeyri etik, əxlaqsız məzmunda mesajlar və zənglər gəldiyini bildirmişdir. Bu zənglərin və mesajların şəxsin ailəsinə və iş mühitinə ciddi narahatlıq yaratdığından polis orqanına müraciət etmişdir. Həmin nömrənin sahibi xx.xx.2000-ci il təvəllüdlü Şəxs tərəfindən müəyyən olunaraq 13-cü PŞ-nə dəvət olunmuşdur. Şəxs PŞ-yə gəldiyi müddətdən polis şöbəsinin inzibati binasında uca səslə qeyri-etik ifadələr işlədərək polisin iş rejimini ciddi şəkildə pozmuşdur, ona hərəkətlərinə son verilməsi barədə dəfələrlə xəbərdarlıq olunsa da, Şəxs hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdlə tabesizlik göstərmişdir. Həmçinin Şəxs etdiyi əməli etiraf edərək müraciətçinin nömrələrini başqa şəxslərə verərək onunla əylənmək istədiklərini bildirmişdir. Bundan başqa o, polis əməkdaşını hədələyərək ona 5000 manat pul və ya telefon verilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə rəisi, polis kapitanı Hikmət Qurbanov digər şahid Aqil Əsgərzadə ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İş materiallarında olan Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X2 13-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ***-***-**-** nömrəsindən qeyri-müəyyən qeyri-etik, əxlaqsız məzmunda mesajlar və zənglər gəldiyini bildirmişdir. Şəxsin ailəsinə və iş mühitinə ciddi narahatlığından polis orqanına müraciət etmişdir. Həmin nömrənin sahibi Şəxs 13-cü PŞnə dəvət edilmişdir. PŞ-nə gəldiyi müddətdən qeyri-etik ifadələr işlədərək polisin iş rejimini ciddi şəkildə pozmuşdur, hərəkətlərinə son verməsi barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Hadisəni törədən Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə, şahid ifadələri ilə sübuta yetirilmişdir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alır və hesab edir ki, Şəxs inzibati həbs tətbiq etmədən tənbehin məqsədinə çatılması mümkündür. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə İXM-nin 535.1-ci maddəsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar