Məhkəmə qərarları › İş №3(008)-5386/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5386/2025

06.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5386/2025 06.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəffər oğlunun iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Naxçıvan MR, Ordubad, Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində qeydiyyatda olan, Kürdəxanı qəsəbəsi, fərdi yaşayış evində yaşayan Şəxs Mirzəffər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Sabunçu RPİnin 15-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs Mirzəffər oğlu xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində yerləşən evinin qarşısında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq törətdiyi inzibati xətaya görə PB-nə getməkdən imtina edərək uzaqlaşmağa cəhd etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 09:11 radələrində Kürdəxanı qəsəbəsi, məscidin yaxınlığında evlərdən birində yaşayan Şəxs Mirzəffər oğlu 102 xidmətinə zəng edərək nalayiq ifadələr ilə təhqir etmişdir. Bununla da Şəxs Mirzəffər oğlu İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sabunçu RPİ-nin 15-ci Polis bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib edən Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Mirzəffər oğlunun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəffər oğlu bildirmişdir ki, Naxçıvan MR Ordubad rayonunda yerləşən məzarlıqda onların heykəli vardır. O, heykəl tarixi bir heykəl olmuşdur. Sonra onu oğurlamışlar. O, bununla bağlı 102 xidmətinə şikayət etmişdir. Lakin onun şikayəti üzrə heç bir araşdırma aparılmamışdır. Buna görə o, yenidən 102 xidmətinə zəng edib oradakı operatorların ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, içkili və əsəbi olmuşdur. Etdiyi hərəkətdən peşmandır. Sonra bu hərəkətinə görə polis onu axtardıqda o, rayonda olduğunu və gələndə bölməyə yaxınlaşacağını bildirmişdir. Lakin rayondan qayıdandan sonra bölməyə getməmişdir. Polis evə onu aparmağa gəldikdə o, evdə usta işlədiyini bildirərək orada ondan izahat alınmasını tələb etmişdir. Daha sonra polislər onu bölməyə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, DİN-nin növbətçi hissələri idarəetmə xidmmətindən daxil olmuş məktubun icrası ilə əlaqədər vətəndaş Şəxs məxsuz olan 050-825- 56-53 nömrəsi ilə dəfələrlə əlaqə saxlayıb PB-nə dəvət edilsə də PB-nə gəlməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində onun yaşadığı Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsi nomrəsiz evin yerləşdiyi ünvana getmişdir. Vətəndaş Şəxs çağırmışdır. xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini və bununla izibati xəta törətdiyini izah edərək PB-nə getməsini xahiş etmiş, vətandaş Şəxs PB-nə getməyəcəyini bildirib uzaqlaşıb həyətə tərəf getmiş, onun qolundan tutub PB-nə getməsini təkrar xahiş etmişdir. Əlini ondan çəkərək uzaqlaşmış və həyətə tərəf getmişdir. O, onun qolundan tutub aftomobilə əyləşdirib PB-nə gətirmişdir. Vətəndaş Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün onun barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan bir ədəd CD disk məhkəmə tərəfindən tədqiq edilən zaman Şəxs Mirzəffər oğlunun 102 xidmətinə zəng edərək oradakı operatorun ünvanına qeyri-etik ifadə işlətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə sadalananlara əsasən Şəxs Mirzəffər oğlunun AR İXM-nin 535.1 və 510cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, inzibati xəta törətmiş şəxsə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Mirzəffər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X2 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar