Məhkəmə qərarları › İş №3(008)-5415/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5415/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5415/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Nəbiyeva Nuray Vidadi qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə rəisi, polis mayoru X5 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X3 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 15-ci PB-yə müraciət edərək Şəxs ona narahat etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs polis şöbəsinə dəvət edilərək izahatı alınmış, onun narkotik vasitələrin istifadəsində əsaslı şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi müəyyən edilməsi, eləcə də, Şəxs Opiodlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi 3-cü bina, blok 1, mənzil 26 yaşayan keçmiş qeyri-rəsmi birlikdə yaşamış X1 evinə getmiş, aralarında mübahisə yaranmış, lakin həmin vaxt X2 döyməmiş və onu itələməmişdir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs əməli öz ifadəsi, tərtib olunmuş inzibati xəta haqqında protokolla, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, inzibati qaydada tutma haqqında protokolu və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli, 5944 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidiyində MOP (+) və AMP (+) aşkar edilmişdir. Şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan tibbi müayinənin nəticələrinə dair rəylə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 (on altı) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 sentyabr 2023-cü il, saat 16:00 tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərar dərhal icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar