Məhkəmə qərarları › İş №3(008)-5420/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5420/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5420/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-in YNH üzrə inspektor polis leytenantı X1, müdafiəçi X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, 18 aprel 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyunai Sonata” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində sürücülük hüququ olmadan avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısındakı “Lexus GS 300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurub toqquşmuş, nəticədə X2 maddi zərər dəymişdir. Bununla da Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-in YNH üzrə inspektor polis leytenantı X3 göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyunai Sonata” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində sürücülük hüququ olmadan avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısındakı “Lexus GS 300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurub toqquşmuş, nəticədə X2 maddi zərər dəymişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 19 sentyabr 2022ci il tarixdə, saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyunai Sonata” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamamış və nəticədə qarşısında dayanan avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin olduğunu, onun həmin icazəni aldığı vaxtdan 01 ay müddətində sürücülük vəsiqəsini dəyişməli olduğunu bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 26 sentyabr 2022-ci il tarixli, AP ******* nömrəli protokoldan görünür ki, Şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyunai Sonata” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində sürücülük hüququ olmadan avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısındakı “Lexus GS 300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurub toqquşmuş, nəticədə X2 maddi zərər dəymişdir. Bununla da Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 0026435 nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə” vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs 27 noyabr 2018-ci il tarixdən daimi yaşamaq icazəsi verilmişdir. Hər iki şəxsin idarə etdiyi avtomobillərin fotoşəkillərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobili ilə zərərçəkmiş şəxsin avtomobilinin arxa hissəsindən vurmuş və onun avtomobilinə zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2ci hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmış, bununla da faktiki olaraq, belə vəsiqələrin Respublika ərazisində etibarlıq müddəti müəyyən edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir (Miqrasiya Məcəlləsinin 77.1-ci maddəsi). Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsinin qanunla müəyyən edilmiş müddət ərzində dəyişdirilməməsinin vəsiqə sahiblərinin Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikləri təqdirdə onların əməlinin həmin Məcəllənin daha ağır sanksiya nəzərdə tutan 263-1-ci maddəsi ilə tövsif olunacağını, habelə İnzibati Xətalar Məcəlləsinin 332, 334, 343.4-343.7-ci maddələri ilə nəzərdə tutulmuş xətaların tərkibini yarada biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin tələbləri və onlara əməl edilməməsinin hüquqi nəticələri barəsində xəbərdar edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilməlidir. Göründüyü kimi, qanunverici xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə onlar Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqları təqdirdə ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirmələrini imperativ qaydada müəyyən etmişdir ki, bu da həmin şəxslərin qanunla müəyyən edilmiş müddətə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sürücülük vəsiqəsini almadıqları halda onların sürücülük hüququ olmayan şəxs kimi qiymətləndirilməsini şərtləndirir. Hazırki halda iş materialları müəyyən edilir ki, Şəxs 27 noyabr 2018-ci il tarixdə, artıq 04 ilə yaxındır ki, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə almış, lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sürücülük vəsiqəsini almadan Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə etmişdir ki, bu da onun Azərbaycan Respublikası ərazisində sürücülük hüququ olmayan şəxs olmasına dəlalət edir. Məhkəmə iş materiallarını tədqiq edərək və qanunvericiliyi müvafiq normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli olması özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin yazılı izahatı, avtomobillərin fotoşəkilləri ilə tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Həmidov X5 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar