Məhkəmə qərarları › İş №3(008)-5429/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5429/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5429/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Hüquqi şəxs Şəxs MMC-nin təsisçiləri X12 və X18 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 14 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi X3 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri və bununlada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğu göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş Prokurorluğun nümayəndəsi X13 inzibati xəta haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X1 Nadir Mobil oğlu və X7 Şəxs MMC-də əmək müqaviləsi olmadan çalışdırdığına, bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X12 izahatında bildirdi ki, Nadir Allahverdiyev həmin şirkətdə işçi kimi deyil şərik kimi çalışmş, maaş barədə danışıqları olmamışdır. Elvin Orucovu işə X22 götürmüş, o işçiləri sadəcə Egemenə yönəltmiş, direktor X5 əmək müqaviləsi bağlanması ilə bağlı məsələləri o həll etməli olmuşdur, Egemenlə aralarında mübahisələr olduğundan polis bölməsinə onunla bağlı müraciət etmiş, əvəzində o da bu haqda prokurorluğa müraciət etmiş, hazırki inzibati xəta haqqında qərarla razılaşmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X22 izahatında bildirmişdir ki, X3 və X10 təsisçi Rəşad Rəhimov tərəfindən əmək müqaviləsi bağlanmadan işə götürülmüş, o direktor olsa da ofisə buraxılmamış, buna görə də o Rəşad Rəhimovun həreəkətləri ilə bağlı polis orqanlarına müraciət etmiş, iyul ayında onu direktor vəzifəsindən kənarlaşdırılması ilə bağlı MMC-yə məktub ünvanlamışdır. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, 2022-ci ilin oktyabrında “X20” MMC-nin həmtəsisçisi Rəşad Rəhimov onu şifahi danışıqlar əsasında həmin şirkətə satınalma üzrə mütəxəssis vəzifəsinə işə götürmüş, ilkin danışıqları zamanı Rəşad Rəhimov ona aylıq 1000 manat əmək haqqı ödəyəcəyini bildirmişdir,onun vəzifəsi üzrə gördüyü işlər MMC-nin bağladığı müqavilələr əsasında şirkətlərdən malların satın alınmasını həyata keçirmək olmuşdur. MMC-nin ofisi Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşirdi. Həftənin Hər günü saat 08-dən saat 18-dək işdə olurdu. Lakin 7-8 ay işləməyinə baxmayaraq, Rəşad Rəhimov onunla əmək müqaviləsi bağlamamış və əmək haqqını ödəməmişdir. Belə ki, Rəşad Rəhimov ona yalnız arabir 100-200 manat pul vermişdir. X8 ödəmədiyi 7000 manat əmək haqqı qalmışdır. 2023-cü ilin iyul ayının ortalarından artıq o işə getməmişdir. Onu da qeyd etmişdir ki, Rəşad Rəhimovun ayrı-ayrı şirkətlərlə bağladığı müqavilələr əsasında şirkətlərə 50000 manat borcu yaranmışdır və o, həmin borcu ödəməkdən imtina edir. Məhkəmə iclasında şahid X10 izahatında bildirmişdir ki, X21 müraciətində qeyd edilənləri təsdiq edir və mahiyyəti üzrə bildirir ki, 2023-cü ilin aprel ayında “X19’ MMC-nin həmtəsisçisi Rəşad Rəhimov onu şifahi danışıqlar əsasında həmin şirkətə malların qəbulu üzrə mütəxəssis vəzifəsinə işə götürmüşdür. İlkin danışıqları zamanı Rəşad Rəhimov ona aylıq 403 manat əmək haqqı ödəyəcəyini bildirmişdi. Onun vəzifəsi üzrə gördüyü işi MMCnin bağladığı müqavilələr əsasında şirkətlərdən malların qəbulunu və daşınmasını həyata keçirmək idi. MMC-nin ofisi Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşirdi. Həftənin hər günü saat 09-dan saat 17-dək işdə olurdu. Lakin 3 ay işləməyinə baxmayaraq, Rəşad Rəhimov onunla əmək müqaviləsi bağlamadı və əmək haqqını ödəməmişdir. Belə ki, Rəşad Rəhimov ona yalnız arabir 15-20 manat pul verirdi. X8 ödəmədiyi 1200 manat əmək haqqı qalmışdır. Təxminən 1 ay əvvəl, yəni 2023-cü ilin iyul ayının əvvələrindən artıq o işə getməmişdir. Onu da qeyd edir ki, Rəşad Rəhimovun ayrı-ayrı şirkətlərlə bağladığı müqavilələr əsasında şirkətlərə 50000 manat borcu yaranmışdır və o, həmin borcu ödəməkdən imtina edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X3 və X10 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan X3 və X10 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər; Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin nümayəndəsi inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi üçün 18 oktyabr 2021-ci il tarixdə saat 11:00-da X11 Xidmətinin Bakı şəhər idarəsinə dəvət olunmuşdur; 0109185 saylı əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, X10 və Şəxs MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “q” bəndinin 2-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X12 təmsil etdiyi hüquqi şəxsin inzibati xəta törətməsinin sübut olunmadığını, iş üzrə icraata xitam verilməli olduğunu bildirsə də, məhkəmə, hüquqi şəxsin nümayəndəsinin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. İlk olaraq məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən X3 və X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X10 oxşar məzmunlu izahatlar verərək bildirmişlər ki, Şəxs MMC-də əmək müqaviləsi olmadan işə cəlb edildiklərini bildirmişlər. Həmçinin, bu hal Şəxs MMC-nin direktoru X22 tərəfindən də təsdiqlənmişdir. Bu səbəbdən məhkəmə, hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda izahat verməsi hüquqi şəxsi müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, inzibati materialda olan digər sənədlər və şahid izahatları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 və X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar