Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5440/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 11 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 26 avqust 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26 avqust 2025-ci il tarixdə, saat 08:45 radələrində “CHANGAN UNİ-V PLUGİN HİBRİD MİNİK” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkət qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailəlidir və bir azyaşlı övladı var. Hal-hazırda fərdi qaydada ailə sürücüsü kimi fəaliyyət göstərərək qazanc əldə edir. Özünün Yasamal rayonu ərazisində yaşamasına baxmayaraq, ailə üzvləri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayırlar və şəxs mütəmadi olaraq onlarla görüşmək üçün həmin ünvana gedib-gəlir. O, davamlı olaraq narkotik vasitələrdən istifadə etmir və bu vasitələrə aludəçiliyi yoxdur. O, həyatında ilk və yeganə dəfə olaraq 21 avqust 2025-ci il tarixində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bundan 5 gün sonra, yəni 26 avqust 2025-ci il tarixdə o, valideynlərini ziyarət etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmiş, həmin gün səhər saatlarında qonşularının evinin yaxınlığında, şəxsi avtomobilinin alt hissəsinə baxış keçirdiyi zaman əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinəyə dəvət edilmişdir. Tibbi müayinənin nəticələrinə əsasən, orqanizmində narkotik vasitənin qalıqları aşkar edilmiş, lakin, o, həmin anda narkotik vasitənin təsiri altında olmamışdır. Bu hal özü tərəfindən polis əməkdaşlarına da izah edilmişdir. Bununla belə, barəsində protokol tərtib olunmuş və məsələ baxılması üçün məhkəməyə yönləndirilmişdir. Ailənin yeganə qazanc mənbəyi məhz onun sürücülük fəaliyyəti vasitəsilə əldə edilən gəlirdir. Yuxarıda qeyd olunanları, eləcə də onun sosial vəziyyətini, ailə yükünü və törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini nəzərə alaraq, barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə tərəflər baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 26 avqust 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 avqust 2025-ci il tarixdə, saat 02:57 radələrində “CHANGAN UNİ-V PLUGİN HİBRİD MİNİK” minik markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xarici işıq cihazlarından istifadə qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən olunmuşdur. 26 avqust 2025-ci il tarixli, 1/8879 saylı “Səxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə, saat 09:30 radələrində tibbi müayinədən keçirilən zaman onda narkotik vasitələrin qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar edilmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə 26 avqust 2025-ci il tarixli aktdan görünür ki, Şəxs 26 avqust 2025-ci il tarixdə “CHANGAN UNİ-V PLUGİN HİBRİD MİNİK” minik markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkət qaydalarını pozmaqla narkotik vasitələrin təsiri altında idarə etdiyinə görə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə–altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 26 avqust 2025-ci il tarixli, 1/8879 saylı “Səxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə Şəxs həmin tarixdə, saat 09:30 radələrində tibbi müayinədən keçirilən zaman onda narkotik vasitələrin qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında akt və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını, müharibə veteranı olmasını, vətənə xidmətlərini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 329.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 329.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPİ-nə göndərilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5440/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5440/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver