Məhkəmə qərarları › İş №3(008)-5441/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5441/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5441/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıq Rəhimov küçəsi, ev 23 C-də qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Lənkəran rayon Məhkəməsinin 2(049)-686/2019 saylı, 21 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən 1600 (min altı yüz) manat aliment borcunun zərərçəkmiş X1 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı, 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, borclu Şəxs Lənkəran rayon Məhkəməsinin 2(049)-686/2019 saylı, 21 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən 1600 (min altı yüz) manat aliment borcunun zərərçəkmiş X1 xeyrinə ödənilməsindən yayınır. Ona görə də borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq hal-hazırda maddi vəziyyəti yaxşı deyil, heç bir yerdə işləmir. İmkanı çatdıqca ödəniş edir. Bu gün aliment borcu üzrə 300 (üç yüz) manat ödəniş edə bilər. Aliment borcunu hər ay hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-686/2019 saylı, 21 fevral 2019cu il tarixli icra vərəqəsindən görünür ki, 26 aprel 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Lənkəran rayon Məhkəməsinin 2(049)-1124/2014 saylı, 02 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentin miqdarı artırılaraq, hər ay 160 manat aliment cavabdeh Şəxs tutularaq zərərçəkmiş X1 xeyrinə ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş çıxarışdan görünür borclu Şəxs yaranmış aliment borcundan 300 (üç yüz) manat ödəmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Lənkəran rayon Məhkəməsinin 2(049)-686/2019 saylı, 21 fevral 2019-cu il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış aliment borcundan 300 (üç yüz) manat ödəniş etmişdir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar