Məhkəmə qərarları › İş №3(008)-5455/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5455/2023

24.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5455/2023 24.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev 30 ünvanında yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş MN ******* və ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 22 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmiş və tabesizlik göstərmiş, bu səbəbdən növbətçi hissənin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Şöbədə özünü qeyri-adekvat aparmasından şübhələndikləri üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşı E.Abdullayev oğurluq hadisələri ilə bağlı ərazidə xidmət aparan zaman bir nəfər şəxsdən şübhələndiyi üçün ona yaxınlaşmış, Şəxs üzərində heç bir sənəd olmadığı üçün ona şöbəyə getməsi bildirilmişdir. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmaq istəmiş və səs-küy salmışdır. Polis şöbəsinə məcburi gətirilən Şəxs narkotik vasitənin təsiri altında olmasından şübhələnildiyi üçün, o, tibbi müayinəyə göndərilmiş və müayinə zamanı onun narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə parkda polis əməkdaşı onu səsləmiş, o isə polisin çağırışına əhəmiyyət verməyərək dayanmamış, bir müddət əvvəl narkotik vasitə istifadə etdiyi üçün qorxaraq qaçıb evə getmişdir. Polisdə izahat yazarkən heç bir məcburiyyətlə qarşılaşmamışdır. Narkotik vasitədən mütəmadi yox, il ərzində 3-4 dəfə kakosdan istifadə edir, sonuncu dəfə 20 gün qabaq istifadə etmişdir. Hazırda gəmi təmiri zavodunda işləyir, 6 aydan bir test verilir. Ailədə və işdə narkotikdən istifadə etdiyini bilmirlər. Əməlindən peşmandır. Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci və 206-cı maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollarından görünür ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmiş və tabesizlik göstərmiş, həmçinin tibbi müayinə zamanı sidiyində narkotik vasitə aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin tibbi yoxlama haqqında 6066 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. Şəxs müayinəsi zamanı onda opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan AZA 017025 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, hər iki əmələ münasibətdə istər polis şöbəsində, istərsə də məhkəmədə verdiyi özünün etirafedici izahatları və 6066 nömrəli, xx.xx.2023-cü il tarixli tibbi rəy ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, şəxsə törətdiyi inzibati xətaların sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətalardan daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsidir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Eyni zamanda Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilməli, qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilməlidir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını barəsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar