Məhkəmə qərarları › İş №3(008)-547/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-547/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-547/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 24 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 16(008)-277/2023 saylı və 27 noyabr 2024-cü il tarixli, 2(008)- 449/2024 saylı icra vərəqələrinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X3 və 23 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs son 6 ay müddətində heç bir ödəniş etmədiyini, ödənilməmiş aliment məbləğinin 3462 manat təşkil etdiyini qeyd edərək şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, səhhəti ilə əlaqədar bir neçə ay işləyə bilmədiyi üçün aliment ödənişini həyata keçirə bilməmişdir. Alimenti ödəməkdən boyun qaçırmır. Bir müddət əvvəl aliment ödənişi onun əmək haqqında yönəldildiyindən hər ay aliment məbləği onun maaşından tutulurdu. Daha sonra işdən çıxdığı və səhhətində problemlər yarandığı üçün bir neçə ay yataq xəstəsi olmuş, işləyə bilməmiş və aliment ödənişlərini ödəməmişdir. 5-6 gün olar ki, yeni işə başlayıb. Hazırda 100 manat məbləğində ödəniş etmək iqtidarındadır. Gələn aydan etibarən ödəniş etməyə başlayacaqdır. Zərərçəkmiş şəxslə eyni evdə yaşayırlar. Zərərçəkmiş şəxs uşaqlarını ona göstərmir. Qeyd edilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs xəstə olmasına dair hər hansı sənədinin olmadığını, sadəcə belində ağırlar olduğundan işləyə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs sonuncu ödənişin 2024-cü ilin iyun ayında edildiyini, ondan bəri heç bir ödəniş həyata keçirilmədiyini, şəxsin məhkəmədə yalan dediyini, işsiz olmadığını və fərdi əməklə məşğul olduğunu, qərəzli şəkildə alimenti ödəmədiyini qeyd edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 16(008)- 277/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(008)- 449/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X3 və 23 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 24 yanvar 2025-ci il tarixli “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” Qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 16(008)-277/2023-022 və 27 noyabr 2024-cü il tarixli, 2(008)-449/2024- 012 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. “İcraata başlamaq haqqında” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 16(008)-277/2023 saylı icra sənədi üzrə icraat başlanılmış, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. “İcraata başlamaq haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(008)-449/2024-012 saylı icra sənədi üzrə icraat başlanılmış, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 3(008)- 7836/2024-cü il tarixli qərarından görünür ki, Şəxs AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs 24 yanvar 2025-ci il tarixli izahatından görünür ki, o, icra sənədindən xəbərdardır, müəyyən miqdarda aliment ödənişi etmişdir, hazırda işləmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İlk növbədə, məhkəmə onu qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş icra sənədi icra məmuru tərəfindən yeni icra sənədi kimi qəbul edilərək şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilsə də, hazırki icra sənədi 17 avqust 2023-cü il tarixli, 16(008)-277/2023-022 icra sənədi ilə eyni icra sənədi olaraq qəbul edilməli idi. Belə ki, məhkəmənin 17 avqust 2023-cü il tarixli, 16(008)-277/2023-022 icra sənədi məhz gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə verilmiş, hazırda isə həmin qətnamə qəbul edilərək qətnamə üzrə icra sənədi əvvəlki icra sənədinin davamı olaraq icra olunması icra şöbəsinə göndərilmişdir. Göstərilən bu hal, o cümlədən, 17 avqust 2023-cü il tarixli, 16(008)-277/2023-022 icra sənədini üzürsüz səbəbdən icra etməməsinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 3(008)-7836/2024-cü il tarixli qərarı ilə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi və həmin tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minməsindən 01 ildən artıq vaxtın keçməməsi şəxsin əməlində AR İXM-nin 528.1-1-ci maddəsinin olmasına dəlalət edir. Lakin məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin vəziyyətini ağırlaşdıra bilmədiyindən və inzibati xəta haqqında materiala verilmiş maddə ilə baxılaraq qərar qəbul etmək səlahiyyətində olduğundan materialı göstərilən əsasla inzibati xəta haqqında protokolu tərtib etmiş orqana qaytarmadan yekun qərar qəbul etmək məcburiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq barəsində inzibati qaydada icraat aparılan şəxsin vəziyyətini ağırlaşdırmaq səlahiyyətinə malik olmadığından materiala məhkəməyə təqdim edilmiş AR İXM-nin 528.1-ci maddəsi ilə baxmağa haqlıdır. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan (Belə ki, şəxs onun işləməsinə mane olan xəstəliyinin olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir) şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini və hər bir halda uşaqlarının saxlanılmasının valideyinin ən mühüm vəzifələrindən biri olmasını nəzərə alır. Barəsində inzibati qaydada icraat aparılan şəxsin icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini ödəməməsinə haqq qazandırarkən irəli sürdüyü digər dəlil zərərçəkmiş şəxsin uşaqlarını onunla görüşməyə icazə verməməsi olmuşdur ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin borcluya uşaqları ilə görüşə imkan verməməsi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi üçün deyil, əksinə onun uşaqları ilə görüş günlərini və saatlarını müəyyən edən məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün müvafiq icra məmuruna müraciət etməsi üçün əsasdır. Hazırki halda Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin ona uşaqları ilə ünsiyyət saxlaması üçün şərait yaratmaması səbəbindən alimenti qəsdən ödəməməsini göstərməsi özü-özlüyündə icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə, zərərçəkmiş şəxslə aralarında olan şəxsi prinsiplər üzündən uşaqların saxlanması üçün qanunla müəyyən edilmiş alimenti ödəməməsinə dəlalət edir. Bununla yanaşı, məhkəmə iclasında Şəxs şərait yaradılaraq bu gün iş gününün sonunadək zərərçəkmiş müəyyən məbləğdə ödəniş etməsi təklif olunsa da, o, aliment borcunu ödəyə bilməyəcəyini, sadəcə 100 manat verə biləcəyini bildirmiş, zərərçəkmiş şəxs isə buna etiraz etmişdir. Göründüyü kimi, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası daxilində ədalətli inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24 yanvar 2025-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar