Məhkəmə qərarları › İş №3(008)-5473/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5473/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5473/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 09 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2017-ci il tarixdən başlanılaraq Şəxs hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2017-ci il tarixdən başlanılaraq Şəxs hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəfələrlə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında işsiz olduğunu əsas gətirərək alimenti ödəmədiyini bildirmişdir. Tərəflər arasında qarşılıqlı razılıq olmuş, belə ki, 2025-ci ilin aprel ayında borclu tərəf 4000 manat ödəyərək, avqust ayında əlavə 2000 manat ödəniş edəcəyini üzərinə öhdəlik kimi götürmüşdür. Lakin, avqust ayı ərzində bu ödənişi etməmişdir. Həmçinin, aliment məbləği yenidən indeksasiya edilmiş və uşaqların yetkinlik yaşına çatanadək hər ay ümumilikdə 420 manat sabit məbləğində alimentin X4 ödənilməsi qərara alınmışdır. X8 qarşı tərəfə təklif etmişdir ki, borclu tərəf 2000 manat ödəniş etsin, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə yaranmış borcdan imtina edilsin və yeni icra vərəqəsi əsasında borclu tərəfindən mütəmadi ödənişlər edilsin. Hazırda Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınır. İcra vərəqəsinin icrasından yayındığı üçün Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq axtarış elan edilmiş və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq icra orqanına gətirilmişdir. Hazırda bu icra sənədi üzrə Şəxs aliment borcunun məbləği 2000 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2017-ci il tarixdən başlanılaraq Şəxs hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. 2025-ci ilin aprel ayında, icra şöbəsində X8 ilə aralarında aparılan müzakirələr nəticəsində, 4000 manat məbləğində ödəniş edilərək, qarşı tərəfə 2025-ci ilin avqust ayında əlavə 2000 manat ödənişi etmək barədə razılaşma əldə edilmişdir. Tələbkar, bu razılaşma əsasında, icra sənədindəki qalıq borcdan imtina edəcəyini və 2025-ci ilin avqust ayına qədər aliment ödənişi tələb etməyəcəyini bildirərək, həmin dövr ərzində öhdəlikləri təxirə salmışdır. Lakin, 2025-ci ilin 24 aprel tarixində qardaşının vəfatı ilə bağlı şəxsi həyatında baş verən ağır itki, onun psixoloji və fiziki vəziyyətinə mənfi təsir etmiş və nəticədə, razılaşdırılmış ödənişləri yerinə yetirməkdə çətinliklərlə üzləşmişdir. Bunun nəticəsində, 2025-ci ilin avqust ayında nəzərdə tutulan 2000 manat məbləğində ödəniş həyata keçirilməmişdir. Hazırda, cəmi 200 manatı var, onu tələbkara ödəyə bilər və qalan 1800 manatlıq məbləği isə 2025-ci ilin sentyabr ayının sonuna qədər ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən tələbkar X8 izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2017-ci il tarixdən başlanılaraq Şəxs hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə 20,000 manat məbləğində aliment borcu yaranıb. Bu borcdan, Şəxs tərəfindən ümumilikdə 4,000 manat ödəniş edilib. Sonuncu dəfə, Şəxs tərəfindən 2025-ci ilin aprel ayında 4,000 manat ödənilib, aralarında daha sonra isə avqust ayında 2,000 manat ödəniş ediləcəyi barədə razılaşma olmuşdur. O, bu təkliflə razılaşaraq, avqust ayında 2,000 manat ödəniş edilməsinə razılıq vermişdir. Lakin, borclu şəxs tərəfindən avqust ayında heç bir ödəniş edilməmişdir. Bu səbəbdən, təklif edir ki, borclu şəxs 2,000 manatı ödəsin və icra vərəqəsinə xitam verilsin. Həmçinin, aliment məbləği indeksasiya olunduğu üçün, yeni icra vərəqəsi üzrə Şəxs tərəfindən hər ay 300 manat davamlı ödəniş edilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2017-ci il tarixdən başlanılaraq Şəxs hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2017-ci il tarixdən başlanılaraq Şəxs hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 06 fevral 2018-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 06 fevral 2018-ci il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəməsi və təqdim olunmuş icra vərəqəsi üzrə 2000 manat məbləğdə qalıq borcunun qalması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs hazırki icra vərəqəsi üzrə müəyyən edilmiş 2000 manat aliment məbləğini ödəməyib və buna səbəb olaraq şəxsi vəziyyətini, yəni qardaşının vəfatını göstərmişdir. Bu faktın nəzərə alınması ilə, borclu şəxsin həmin öhdəliyi səmimi şəkildə yerinə yetirmək niyyətində olduğu, lakin qəfil və təsadüfi şəraitdən (qardaşının ölümündən) dolayı borcunu ödəyə bilmədiyi qənaətinə gəlmək mümkündür. Borclu icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə aprel ayında 4000 manat, məhkəmə iclasında isə 200 manat ödənişlər etmiş və bu hal həm zərərçəkmiş şəxs, həm də icra məmuru tərəfindən məhkəmə iclasında təsdiq olunmuşdur. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən mütəmadi olaraq maddi imkanın yol verdiyi həddə ödənişlər etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işləmədiyi halda aliment ödənişləri etməsi, o cümlədən bu faktın zərərçəkmiş şəxs tərəfindən təsdiq edilməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar