Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-549/2025 25.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X4 və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan MR Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olamaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinat, nömrəsiz evdə yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-dən daxil olmuş MN ******* nömrəli 25 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq idarə etdiyi Kamaz markalı maşını duracağa yerləşdirməkdən imtina edib, maşının şüşəsini vurub sındırmış, özünü yerə uzanaraq sınmış şüşə qırıqlarına çırpmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X8 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Kamaz markalı yük maşını saat məhdudiyyəti tətbiq olunduğu vaxtda Zabrat qəsəbəsi üzü şəhərə doğru istiqamətdə şəhərə daxil olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Maşın duracağa yerləşdirilən zaman vətəndaş polisin əmrinə tabe olmamış və bölməyə gətirilərək haqqında protokol tərtib edilmişdir. Video görüntülər və polis əməkdaşlarının tərtib etdiyi raport sübutdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, həmin gün maşınında elektrik problemi yaranmış və hadisənin baş verdiyi yolun sol tərəfində yerləşən emalatxanada maşını təmir etdirmək üçün yola çıxmışdır. Bu vaxt yol polisi onu saxlamış, ona cərimə yazacağını və maşını duracağa aparmasını bildirmişdir. Halbuki, həmin yolda saat məhdudiyyəti ilə bağlı yol nişanı qoyulmadığından hərəkət etməyin qadağan olduğunu bilməmişdir. Yol nişanı qoyulmadığından hansı qayda pozuntusunu törətdiyini polisdən soruşmuşdur. O, bu maşınla çörək pulu qazanır, iki uşaq atasıdır. Onu 10 gün bundan qabaq da yol patrul xidməti saxlamışdır. 10 gün ərzində ona 7 protokol tərtib ediblər. Maşını israrla duracağa aparmasını söyləməklə polis onu əsəbiləşdirmiş, buna görə əsəbindən maşından açarı götürüb öz maşınının şüşəsini sındıran zaman şüşə sınıqları onun alın nahiyəsinə dəymiş və yara açılmışdır. Ətrafa camaat yığışmışdır. Yol polisi ona bir dəfə saxla əmri verən kimi dərhal maşını kənara çəkib saxlamışdır. Yəni protokolda qeyd edildiyi kimi polisin əmrinə heç bir tabesizlik etməmişdir. Maşın onundur, ancaq hazırda Naxçıvan şəhərində qeydiyyatda olduğundan mükiyyətçi tərəfindən ona verilmiş etibarnamə əsasında maşını idarə etmişdir. Odur ki, polisin əmrinə heç bir tabesizlik etməmiş, lakin ictimai qaydanı pozduğunu etiraf edərək törətdiyi əməlindən peşman olduğunu, kirayədə yaşadığı, himayəsində iki azyaşlı, xəstə uşağı olduğu üçün daha yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icalsında iştirak edən şahid Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X3 izahatında bildirmişdir ki, həmin gün növbədə olan zaman saat məhduduyyəti ilə əlaqədar Zabrat qəsəbəsindəki şössedə yük maşınlarını saxlamalı, onları duracağa yerləşdirməli, səhər saat 07:00-dan axşam saat 22:00-dək hərəkətə məhdudiyyət qoyulması ilə bağlı sürücüləri təlimatlandırmalıdır. Həmin vaxt öncə bir maşın gəlirdi onu görmüş saxlamış, sonra arxadan Şəxs idarə etdiyi yük maşınına saxla əmri vermişdir. Maşını saxlayandan sonra vətəndaşa yaxınlaşıb şəhərdə bu saatda sürmək qadağandır, maşın dayanacağa yerləşdirilməlidir, axşam saat 22:00-dan sonra buraxılacağı bildirilmiş, o da maşının xarab olduğunu və ustaya apardığını söyləmişdir. Bundan sonra Şəxs əmrə tabe olmamış və maşından açarı götürərək, kamaz maşınının şüşəsini qırmış, qapısına pəncərəsinə zərbələr edirmişdir. Bu zaman onu sakitləşdirməyə çalışsa da, o, başını dəfələrlə yerə vurmuş, bu zaman yerdə olan şüşə qırıqları onun alın hissədən yaralamışdır. Buna baxmayaraq yenə sakitləşdirməyə çalışmış, hətta öz xidməti forması da cırılmışdır. Şəxs bu zaman üzü-gözü qanlı vəziyyətdə qəsdən maşın yoluna çıxdı ki, guya yol polisi onu bu vəziyyətə salmışdır. Daha sonra bir neçə kamaz sürücüləri və qardaşını ətrafına toplamış, onlar da ona təziq göstərmiş, ajataj yaratmışdır ki, guya yol polisi onu bu vəziyyətə salmışdır. Həmin an protokolu tərtib edə bilməmiş, ancaq vətəndaşı sakitləşdirməyə çalışmışdır. Daha sonra 103 xidmətini çağırsa da vətəndaş ona yardım edilməsinə imkan verməmiş və üzü-gözü qanlı vəziyyətdə qalmışdır. Vətəndaşın bunu etməkdə məqsədi telefonla çəkilib sosial şəbəkələrdə yol polisini təhqir etmək, onun nöqsanlarını ortaya çıxarmaqdır. Habuki, onun bu hadisə də heç bir nöqsanı yoxdur. Maşını duracağa aparmaq istəyəndə maşının elektirik naqilləri qırılmış, kapotu əyildiyi üçün maşının motorunu işə sala bilməmiş və onu duracağa aparıb yerləşdirə bilməmişdir. Polisə tabesizliyi maşını xarab vəziyyətə salmağı və onun duracağa yerləşdirilməsinə mane olmağıdır. Məhkəmə icalsında iştirak edən şahid Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X6 izahatında bildirmişdir ki, başqa maşını duracağa yerləşdirib qayıdanda hadisə yerinə gəlmiş, həmin vaxt artıq post patrul xidmətinin Şəxs maşınıyla bölməyə aparılmasını təmin etdiyini görmüşdür. Həmin vaxt Raminin polisə tabesizliyini görməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və əməlinin konkret nədən ibarət olması iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərdə isə Şəxs polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması əksini tapmır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsiri sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Digər əmələ münasibətdə isə məhkəmə araşdırması zamanı Şəxs istinad olunan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan video görüntü (disk) və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli 25 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq idarə etdiyi Kamaz markalı maşını duracağa yerləşdirməkdən imtina edib, maşının şüşəsini vurub sındırmış, özünü yerə uzanaraq sınmış şüşə qırıqlarına çırpmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:34 radələrində xidmətdə olduğu zaman polisə tabesizlik göstərmiş Şəxs YPX əməkdaşları tərəfindən polis bölməsinə gətirilmiş və baş nahiyəsində yüngül gözlə görüləcək dərəcədə xəsarəti olduğu aşkar edilmiş, tərəflərindən həmin şəxsə ilkin tibbi yardım göstərilmişdir. Sonradan Şəxs etdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan Şəxs polis bölməsində verdiyi izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:304 radələrində şəhər şossesinin işıqforunda olan zaman idarə etdiyi “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edən zaman YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmişdir. O, avtomobildən düşüb onlara yaxınlaşdıqda polis əməkdaşları ona yük maşınının duracağa yerləşdiriləcəyini bildirdikdə onlara etiraz etmiş, ona məxsus yük avtomobilinin içərisində olan dəmir parçası ilə əsəbiləşərək idarə etdiyi avtomobilin sol yan şüşəsini və içərisində olan səs gücləndiricilərini vuraraq sındırmış, bu zaman YPX-nın polis əməkdaşları onu bölməyə dəvət etmiş, o da polis əməkdaşları ilə polis bölməsinə getmişdir. İş materialında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” yük markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən X1 mülkiyyətindədir. İş materialında olan ƏN-Vİİ№ 223236 saylı, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 tərəfindən Şəxs xx.xx.2034-cü il tarixədək **-BF-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” yük markalı nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 11785 saylı protokolundan görünür ki, Şəxs sidiyində akoqol və narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, şahidlərin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs 510-cu maddədə nəzərdə tutulan əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Eyni zamanda, məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.
Hakim: Şəbnur Qədirova