Məhkəmə qərarları › İş №3(008)-5491/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5491/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5491/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqdim olunmuş sənədlərə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu RPİ-nin 15-cü PB tərəfindən Şəxs AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunmuş materallar natamam olduğundan onu tərtib edən orqana geri qaytarılmalıdır. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində qonşuluqda yaşayan X1 evinin pəncərəsini sındıraraq 200 manat miqdarında zərər vurmuşdur. Bununla da o, AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı, yaşadığı yerin ünvanı, inzibati xətanın törədildiyi yer, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları qeyd edilməmişdir. Bundan başqa maddənin dispozisiyasında qeyd edilən nəticənin baş verməsini, yəni əmlaka 200 manat məbləğində maddi zərərin vurulmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki maddənin məzmunundan göründüyü kimi özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurulmasına səbəb olduqda inzibati məsuliyyətə səbəb olur və inzibati tənbeh tədbiri olaraq vurulmuş ziyanın müəyyən misli olaraq cərimə tətbiq edilməsi nəzərdə tutulduğundan ziyanın miqdarının dəqiq müəyyən edilməsi və bunu təsdiq edən sübutların təqdim edilməsi zəruridir. Yuxırda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar