Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-550/2025 25.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə günorta saatlarında Kürdəxanı qəsəbəsi 810 ünvanında yerləşən “Oba” marketdən müxtəlif çəkilərdə “Vestqold” yağları oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hazırda 161 manat dəymiş ziyanın ödənildiyini, zərər çəkmiş şəxsin Şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü inzibati xətanı törətməkdə təqsirli bilir, xx.xx.2025-ci il tarixdə mağazaya girərək Vestqold yağlarından oğurlamışdır. Bu gün səhər saat 07:00-də əsgər getməli idi, əsgər getdiyi üçün dostları ilə yığıncaq etmək istəyirdi, ona görə də yağı oğurlamışdır. Polis əməkdaşları tərəfindən tutulduğu üçün əsgər gedə bilməmişdir. İnzibati xətanı törətməkdə özünü tam təqsirli bilir. Oğurladığı yağların dəyəri 160 manat olardı. Dəymiş ziyanı tam şəkildə ödəmişdir. Əməlindən çox peşmandır. Artıq zərər çəkmiş şəxslə barışmalarının və dəymiş ziyanın ödənilməsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, o, Oba marketdə kassir kimi qeyd olunsa da mağaza müdiri vəzifəsində işləyir, həmin mağazaya Şəxs tərəfindən vurulmuş ziyan, yəni 160 manat məbləğində pul onun bank kartına köçürülməsi yolu ilə ödənilmişdir. Hazırda Elnur marketə dəymiş ziyanı ödəmiş, onlar barışmışlar. Odur ki, ona qarşı artıq heç bir tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə günorta saatlarında Kürdəxanı qəsəbəsi 810 ünvanında yerləşən “Oba” marketdən müxtəlif çəkilərdə “Vestqold” yağları oğurlamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. AZA 018087 saylı, xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:50-də inzibati qaydada tutulmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə “Oba” marketə daxil olaraq orada piştaxtada yerləşən 1 kiloluq 3 ədəd “Vestqold” kərə yağını götürərək daşıdığı bel çantasınna qoyaraq həmin marketdən çıxarmışdır. xx.xx.2025-ci il tarixdə isə təxminən günorta saatlarında həmin marketə girərək yenə eyni yerdən 3 ədəd 1 kiloluq kərə yağını götürərək eyni qaydada bel çantasına qoyaraq marketdən çıxarmışdır. Oğurladığı yağları başqa dükana birini 10 manat qarşılığında satmışdır. Həmin pulları gündəlik tələbatları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs mağazaya 160 manat ziyan vurmuş, hazırda mağazaya dəymiş ziyanı 160 manatı tam şəkildə onun kartına köçürməklə ödəmişdir. Gələcəkdə ona qarşı bu dəymiş ziyanla bağlı hər hansı tələbi olmayacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs xırda talama törətməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda, inzibati xəta haqqında protokolda Şəxs özgəsinin əmlakını taladığı göstərilmiş, sonuncunun polisdə və məhkəmədə verdiyi etirafedici izahatları, habelə zərər çəkmiş şəxsin izahatı ilə raportda göstərilən hallar öz təsdiqini tapmışdır. Lakin hazırda inzibati xətanı törətmiş şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və zərər çəkmiş şəxslə barışmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından barəsində inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməli, o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 129-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.
Hakim: Şəbnur Qədirova