Məhkəmə qərarları › İş №3(008)-552/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-552/2025

25.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-552/2025 25.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X3, zərər çəkmiş şəxs X4 və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, Tovuz rayonu, Həsənli Ə/D, Həsənli kəndində qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-dən daxil olmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Əhmədov X2 rayonu Zabrat qəsəbəsi İstilik kombinatı ev 18, mənzil 4 ünvanının qarşısında dayanmış “Kia Sorento” markalı nəqliyyat vasitəsindən xx.xx.2025-ci il tarixdə “Paşa” banka məxsus plastik kartdan 57 manat oğurlamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hazırda dəymiş zərərin ödənilmədiyini bildirmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü inzibati xətanı törətməkdə qismən təqsirli bilir, həmin həyətdə kirayə qalır, səhər nəqliyyat vasitəsinin qapısının açıq olduğunu görmüş, ehtiyacı olduğu üçün maşının qoltuq altından bir dənə kartı götürmüşdür. Sonra dükana gedərək həmin kartla 57 manatlıq bazarlıq eləmişdir. Sonra kartı Əhmədli metrosunda atmışdır. O, digər əşyaları götürməmişdir. Hazırda pulu yoxdur, həmin pulu işləyib yavaş-yavaş qaytara bilər. Əməlindən çox peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X4 izahatında bildirmişdir ki, ayın 21-i səhər işə gedəndə atası ona zəng vuraraq maşında ətirin olmadığını bildirmişdir. Qardaşı ilə əlaqə saxladı, o da dedi ki onun xəbəri yoxdur. Bir az keçdikdən sonra atası maşında kartın da yoxa çıxdığını, həmçinin kartdan ödəniş olduğunu söyləmişdir. Hər mağazadan 15, 20, 40 və s., ümumilikdə 180 manat dəyərində alış-veriş edilmişdir. Həyətdən qardaşının ayaqqabısı, laqunda, drel, ətir və siqaret yoxa çıxmışdır. Birinci alışveriş elədiyi Oba marketdən görüntülərə baxarkən Sənanın olduğunu görmüşlər. Ehtimal edir ki, kartdan digər ödənişləri də məhz Sənan etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Əhmədov X2 rayonu Zabrat qəsəbəsi İstilik kombinatı ev 18, mənzil 4 ünvanının qarşısında dayanmış “Kia Sorento” markalı nəqliyyat vasitəsindən xx.xx.2025-ci il tarixdə “Paşa” banka məxsus plastik kartdan 57 manat oğurlamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. AZA 004555 saylı, xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:50-də inzibati qaydada tutulmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, həmin həyətdə kirayə qalır, səhər nəqliyyat vasitəsinin qapısının açıq olduğunu görmüş, ehtiyacı olduğu üçün maşının saxlanc yerindən “Paşa” banka məxsus plastik kartı götürmüşdür. Sonra Oba marketə gedərək həmin kartla 57 manatlıq bazarlıq eləmişdir. Sonra kartı Əhmədli metrosunda atmışdır. O, digər əşyaları götürməmişdir. X1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ayın 21-də səhər maşında kartın yoxa çıxdığını, həmçinin kartdan ödəniş olduğunu bilmişdir. Ümumilikdə 182 manat dəyərində alış-veriş edilmişdir. Həyətdən həmçinin ayaqqabı, laqunda, drel yoxa çıxmışdır. Cəmi 450 manat onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs xırda talama törətməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda, inzibati xəta haqqında protokolda Şəxs özgəsinin əmlakını taladığı göstərilmiş, sonuncunun polisdə və məhkəmədə verdiyi etirafedici izahatları, habelə zərər çəkmiş şəxsin izahatı ilə raportda göstərilən hallar öz təsdiqini tapmışdır. Hazırda inzibati xətanı törətmiş şəxs Şəxs vurulmuş ziyanı ödəməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs İXM-in 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs 227-ci maddədə nəzərdə tutulan əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, dəymiş ziyanın ödənilməməsini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar