Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5521/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X4 Şöbəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, mənzil 88-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin baş inspektoru, polis kapitanı Anar Qəmbərov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək digər sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin baş inspektoru, polis kapitanı Anar Qəmbərov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, video görüntünün sosial şəbəkələrdə yayılmasından sonra avtomaşını idarə edən şəxsin Şəxs olmasını müəyyən edilmiş, bu barədə onun izahatı alınmış, video görüntünün canlı açılaraq sosial şəbəkələrdə yayılması rezonansa səbəb olmuş və Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Kia Forte minik” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək idarə etmişdir. Avtomobili idarə edərkən dostları onun yanında olmuşdur. xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsində avtomobili manevr qaydalarını pozaraq yüksək surətlə idarə etmiş, yəni avtoxuliqanlıq etmişdir. Həmin anın videogörüntülərini dostu çəkərək sosial şəbəkədə paylaşmışdır. Etdiyi əməldən çox peşmandır, bir daha təkrarlanmayacağına söz verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsində İnzibati Xətalar Məcəlləsinin 327.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Təqdim olunmuş video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Kia Forte minik” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 327.3-cü massəinə görə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-yüz manat məbləğində cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqdim olunmuş 58 saniyəlik video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Kia Forte minik” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yanında sərnişin qismində oturmuş şəxs və arxadan video görüntünü çəkən digər sərnişinlə avtomaşını yanındakı əyləşmiş sərnişinin göstərişinə əsasən sürəti azaltmaqla sərnişinin əlində olan daşı maşının pəncərisindən yolun kənarında dayanmış şəxs(lər)ə atmasına şərait yaratması, sərnişin tərəfindən daş atıldıqdan sonra qəflətən maşını sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində səslərin eşidilməsi, sərnişinlərin sür-sür deyə səslənməsi, uca səslə maşınların işıqlarının söndürülməsinin eşidilməsi, maşının işıqlarının söndürülərək sürətin artırılaraq hadisə yerindən qaçılması, müşahidə kameralarının yaxınlığında çatanda sürətin azaldılması, başqa avtomaşınla yenidən gəlinməli olması və hadisələrin davam etdiyi müddətdə nalayiq ifadələrin işlədilməsi müəyyən edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, inzibati xəta haqqında protokol, videogörüntü və digər iş materialları əsasında sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.3-cü maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta pozuntusunun sosial şəbəklərdə canlı olaraq yayılması, pozuntunun nümayişkaranə bir surətdə göstərilməsi, izləyən şəxslər və ictimai mühitdə mənfi fikirin formalaşmasına təsiri nəzərə alınmalıdır. Hazırki dövrdə sosial şəbəkələrin ictimai mühitə təsiri nəzərə alınmaqla seçilməli olan inzibati tənbeh növünün müəyyən edilməsi inzibati tənbehin məqsədlərinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, səmimi peşman olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edislin. Həbsetmənin əvvəli 17 sentyabr 2025-ci il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 Saxlanılma Mərkəzinə tapşırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin həmin maddə ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhər Sabunçu RPİ X4 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-5521/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5521/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver