Məhkəmə qərarları › İş №3(008)-5570/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5570/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5570/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16 qızının katibliyi, qərardan şikayət verən şəxs X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, 05 noyabr 1980-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 25, mənzil 577-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan-X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin 13 avqust 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin qəbul etdiyi 13 avqust 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X10 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı NQŞS-nin Quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçısı X2 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar X10 tərəfindən işçilərin iş yerində sağlamlığının və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, həmin Məcəllənin 199-cu maddəsinə əsasən təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. “X6 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialının quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçısı X3 xx.xx.2024-cü il tarixdə saat 08:00-da Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Əmrulla Əliyev küçəsində yerləşən müəssisənin 4 saylı Quyuların əsaslı və yeraltı təmir sexinə işə gəlmiş və soyunub-geyinmə otağında iş paltarını geyindikdən sonra müəssisənin quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustası X8 tərəfindən həmin gün olan işlərin xüsusiyyətinə uyğun olaraq ona, müəssisənin quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi X9 və müəssisənin 6-cı dərəcəli qaldırıcı maşinisti X4 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair iş öncəsi təlimat keçirildikdən sonra onlar imzaları ilə həmin təlimatın keçirildiyini təsdiq etmiş və işə başlamışlar. Ç.Əliyev tərəfindən verilmiş tapşırığa əsasən o, briqada yoldaşları (R.Abidov, M.Cəbrayılov) ilə birlikdə müəssisənin 31202 nömrəli quyusunda gündəlik görüləcək təmir-bərpa işlərini icra etmək üçün həmin quyuya yollanmış və daha sonra işə hazırlıq prosesini icra etməyə başlamışlar. Əvvəlcə yükqaldırıcı traktorla işləyən Quyunun mancanaq dəzgahının balansir başlığını geriyə doğru əyilməsi üçün yükqaldırıcının köməyindən istifadə etmiş, balansir başlığını uc tərəfinin alt hissəsinə qarmağı keçirmiş (yerdə) və balansir başlığı qaldırılaraq geriyə doğru mancanaq dəzgahının üst hissəsinə atılmış, bundan sonra qarmaq həmin balansir başlığına ilişdiyindən qarmağı balansir başlığından ayırmaq qərarına gəlmişdir. Bununla əlaqədar mancanaq dəzgahına bitişik vəziyyətdə olan pilləkənlə dəzgahın üstünə çıxmış, kəməri xüsusi yerə bağlamış və qarmağı balansir başlığından ayırıb aşağı düşən zaman pilləkənin üst hissəsində olarkən balansir başlığının üzərində olan dəmir kanatın uc hissəsindəki kütlənin ona tərəf sürüşərək sol dizinin üst hissəsini zədələmişdir. Qeyd olunan bədbəxt hadisə ilə bağlı təhqiqat aparan inzibati orqan hesab etmişdir ki, o, öz vəzifə təlimatıma uyğun olaraq (İşin düzgün təşkil edilməsi və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinin təmin olunmasına cavabdehdir) həmin işi düzgün təşkil etməli olduğu halda, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.3-cü bəndinə əsasən, onun nəzarətsizliyi olmuşdur. Bununla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixində saat 08:00-da “X6 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialında işdə olarkən müəssisənin quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustası X8 ona zəng edərək 31202 nömrəli quyuda təmir işlərinin aparılacağı ilə bağlı məlumat vermişdir. Təxmini saat 10:30 radələrində işçilər tərəfindən quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçı Yadigar Heybətovun xəsarət alması barədə ona məlumat verildikdən sonra hadisənin necə və kimin təqsiri üzündən baş verdiyini dəqiqləşdirmək məqsədi ilə 31202 sayılı quyuya getmişdir. O, hadisə yerinə çatdığında artıq təcili tibbi yardım briqadası Y.Heybətovu xəstəxanaya aparırdı. Vəzifə təlimatında qeyd edildiyi kimi işin düzgün təşkil edilməsinə o, cavabdehlik daşısa da, xx.xx.2024-cü il tarixində olan iş bölgüsü onun tərəfindən edilməmiş və hansı işçinin hansı vəzifəni icra etməsi ilə bağlı ona məlumat verilməmişdir. İşin düzgün təşkili və fəhlələrin iş yerinə düzgün paylanması tədbirləri böyük ustanın vəzifəsidir. Onun tərəfimdən təşkil olunmayan iş bölgüsü ilə bağlı o, məsuliyyət daşımamalıdır. Məhkəmə iclasında iştirak edən X10 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X18 izahatında şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, qərardan şikayət verən şəxsi və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı icraçı direktoru Əhməd Kələşov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustası” vəzifə təlimatından görünür ki, işin düzgün təşkili və fəhlələrin iş yerinə düzgün paylanması tədbirlərini həyata keçirmək - quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustasının vəzifəsidir. Belə ki, iş materiallarında olan “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı icraçı direktoru Əhməd Kələşov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi” vəzifə təlimatından görünür ki, təhlükəsiz və sağlam iş şəraiti təşkil etmək - quyuların əsaslı və yeraltı təmiri sexinin vəzifəsidir. İş materiallarında olan təhqiqat aktından görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.3-cü bəndinə əsasən “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının quyuların əsaslı təmiri sexinin sex rəisi X5 cavabdehliyi müəyyən edilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-in 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin “inzibati tənbeh vermə haqqında” 13 avqust 2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməliyyatlar üzrə vitse-prezidenti Əli Həsənli tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında 05/2024 saylı akt və təhqiqat aktı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin 13 avqust 2024-cü il tarixli MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə X5 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsinin “inzibati tənbeh vermə haqqında” 13 avqust 2024-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar