Məhkəmə qərarları › İş №3(008)-5571/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5571/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5571/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, zərəçəkmiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 29 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8879 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 274 manat məbləğində aliment alınaraq X4 ödənilməlidir. Borclu tərəfindən hal-hazırda 14503 manat aliment borcu ödənilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. İlk əvvəl borclu Şəxs alimenti vaxtlı vaxtında ödəsə də, sonradan aliment borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bu günədək ödəməli olduğu 19728 manat aliment məbləğindən cəmi 5225 manat ödəmişdir. Hazırda aliment borcu 14503 manat təşkil edir. Qazağıstanda yaşayıb işlədiyi üçün orada yaşadığı dövrdə hissə hissə aliment borcundan ödəmiş, 2022-ci ilin noyabr ayında Bakıya gəlmiş, ölkədən çıxışına qadağa qoyulduğundan Qazaxıstana qayıda bilməmiş, bununla bağlı aliment borcunu ödəyə bilməmişdir. Hazırda 1000 manat aliment borcundan ödəniş etmiş, qalıq borcu ödəməkdən imtina etmir, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X11 bildirmişdir ki, hazırki iş üzrə qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-8879 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbin könüllü icrası haqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Şəxs 2(008)-8879/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixində X8 xx.xx.2018-ci il tarixli bildirişi qəbul etmişdir; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, icra məmurunun çıxışı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-8879 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar