Məhkəmə qərarları › İş №3(008)-5572/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5572/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5572/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Ayal Çingiz qızı Hacıyevanın katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti baş inspektoru X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 izahatında bildirmişdir ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən onun avtomobili saxlanılan zaman avtomobilin arxa şüşəsində qara rəngli pərdə olmuşdur. O, hesab edir ki, avtomobilin arxa şüşəsində pərdənin asılmasını qadağan edən hər hansı qanun norması yoxdur. Polis əməkdaşlarının istinad etdikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında isə avtomobillərin arxa şüşələrinə pərdə asılmasının qadağan edilməsini təsbit edən hər hansı bənd mövcud deyil. Bu səbəbdən o, hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X4 avtomobilin ban şüşələri dedikdə arxa şüşələrinin də nəzərdə tutulduğunu, avtomobilinin arxa şüşəsində olan pərdəni mağazadan aldığını, polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi gün polis əməkdaşlarının tələbi ilə həmin pərdəni çıxarsa da, hazırda avtomobili yenə həmin pərdə avtomobilin arxa şüşəsində olmaqla idarə etdiyini, avtomobilin yan şüşələrinə pərdə asılmasının qadağan edildiyini, lakin arxa şüşəsinə dair belə bir tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti baş inspektoru X3 izahatında bildirmişdir ki, vətəndaş X4 onun tərəfindən avtomobilin arxa şüşəsində qanunsuz olaraq pərdə asılmasına görə saxlanılmış, vətəndaşa AR Nazirlər Kabinetinin 18 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən minik avtomobillərinin ban şüşələrinə, yəni qabaq, yan və arxa şüşələrinə pərdə çəkilməsinin qadağan edilməsi və həmin əmələ görə AR İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati məauliyyət nəzərdə tutulduğu izah edilmiş, lakin vətəndaş təkidlə avtomobilin arxa şüşəsinə kustar üsulla hazırlanmış pərdə çəkilməsinin qanunsuz olmadığını bildirmiş və inzibati xəta hadisəsi ilə razılaşmamışdır. Bundan sonra inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə göndərilmiş və inzibati tənbeh vermə Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X4 barəsində AR İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti baş inspektoru X3 tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, X2 idarə etdiyi VAZ 21074 minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsində qara pərdə olmuş, polis əməkdaşı tərəfindən ona avtomobilin baş şüşələrinə pərdə çəkilməsinin qadağan olunması və qanunsuz olması izah edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, xətanın aşkar olunduğu yerdə avtomobildə olan pərdə X4 tərəfindən çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının: 2.1.2-ci bəndinə əsasən örtük – jalüz, pərdə və ya plyonka hesab edilir. 3.2.-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin Vİİ hissəsinin 3-cü bəndinə əsaəsn sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə nasazlıq kimi qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarından açıq-aydın görünür ki, yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda örtüyün bütün növlərindən, yəni, plyonka, jalüz və pərdədən istifadə edilməsinə icazə verilsə də, minik avtomobillərində yanız plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilmiş, pərdə asılmasına isə icazə verilməmişdir. Məhkəmə iclasında şikayətçi X4 avtombilin arxa şüşələrinə pərdə asılmasının qanunla qadağan olunmadığını, pərdə asılmasını istisna edən konkret normanın olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarında minik avtomobillərində istifadəsinə icazə verilmiş örtüklərin konkret növünün göstərdiyi və həmin növlər arasında pərdənin göstərilmədiyi halda həmin qərarda birbaşa pərdənin çəkilməsinin qadağan edilməsinə dair ifadənin olmaması minik avtomobillərinin ban şüşələrində pərdənin istifadənin qanuni olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının 3.2-ci maddəsində minik avtomobilləri ilə yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda istifadəsinə yol verilən örtüklərin ayrı-ayrı bəndlərdə göstərilməsi, digər sadalanan avtomobillərdə jalüz və plyonka ilə yanaşı pərdənin də istifadəsinin qanuni hesab olunmasına baxmayaraq minik avtomobilləri üçün istifadəsinə icazə verilən örtüklər arasında pərdənin nəzərdə tutulması minik avtomobillərində pərdənin asılmasının istisna edilməsinə və pərdədən istifadənin qanunsuz olmaqla pozuntu kimi qiymətləndirilməsinə dəlalət edən haldır. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş videogörünütülərlə X2 idarə etdiyi VAZ 21074 minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsində qara pərdənin asılması öz təsdiqini tapmışdır. X4 özü də avtomobilin arxa şüşəsindən pərdə asılmasını təsdiq etmiş, sadəcə bunun qanunsuz olmadığını iddia etmişdir. Göründüyü kimi, X2 idarə etdiyi VAZ 21074 minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsində pərdənin asılması işin mübahisəsiz halıdır. Şikayətçi tərəfindən mübahisələndirilən hal isə (avtomobilin arxa şüşəsinə pərdələrin çəkilməsinin qadağan edilməməsi) məkəmə iclasında tam, hərtərəfli araşdırılmış və həmin dəlilə müvafiq hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X2 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar