Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5582/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 2, 85C ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17500 ABŞ dolları və 45 manat dövlət rüsumunun ondan tutulub X4 ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməməsinə görə 2024-cü ildə iki dəfə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq yenə icra sənədini icra etməmişdir. Daha sonra onun adına bank hesabında 7745 manat pul vəsaitinin olması müəyyən olunmuşdur. Həmin hesab üzrə inkasso sərəncamı tətbiq edilərək qeyd edilən vəsait hesabdan silinmişdir. Ondan sonra da heç bir ödəniş etməmişdir. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 17500 ABŞ dolları məbləğində pul indeksasiya olunaraq 18165 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Tələbkar da pulunu tələb edir. Eyni zamanda aliment ödənişi ilə bağlı olan icra sənədi üzrə isə iki aylıq borcu qalmışdır. Barəsində İXM-nin 528.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cəriməni də ödəməmişdir. Məhkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, aliment borcundan yalnız sentyabr ayı üzrə ödənişi həyata keçirməmişdir. Ona qədər davamlı olaraq ödənişi həyata keçirmişdir. Aliment üzrə yığılmış 950 manat borcunu iki dəfəyə iyul ayında tamamilə ödəmişdir. Sonra avqust ayında 504 manat ödəniş etmişdir. Sentyabr ayı üzrə ödənişi həyata keçirməmişdir. Onu da qısa müddətdə ödəyəcəkdir. Digər icra sənədi üzrə isə Unibank hesabından 7745 manat vəsait silinmişdir. Həmin pul onun adına açılmış bank hesabında olsa da əslində ona deyil, qardaşına məxsusdur. Mübahisə olunan evi 1 ildir ki, satışa çıxarmışdır, lakin real alıcı olmadığından sata bilməmişdir. Nə vaxt həmin ev satılsa pulu tam şəkildə ödəyə bilər. Yaxud tələbkar evin pulunu versin, həmin evi tələbkara verməyə razıdır. Həmin ev hazırda kirayə verilsə də, kirayə pulunu anası götürür. Məhkəmə qətnaməsini icra etməməsi maddi imkanın olmamasından irəli gəlir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahaında bildirmişdir ki, borclu iki ay üzrə alimenti ödəməmişdir. Əvvəlki aylar üzrə tam şəkildə ödəniş etmədiyindən 950 manat aliment borcu yaranmışdır. Onun iyul ayında ödədiyi 950 manat da həmin aliment borcu olmuşdur. Sonra avqust ayında 504 manat ödəniş etmişdir. İyul və sentyabr ayları üzrə ödənişi həyata keçirməmişdir. Digər icra sənədi isə birbə nikahları dövründə əldə etdikləri evin alınmasına sərf olunmuş məbləğin yarısının ona ödənilməsi ilə bağlıdır. Həmin icra sənədi üzrə ona 18165 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməlidir. Borclu onu icra etməkdən qərəzli olaraq yayınır. Belə ki, o, həmin evi kirayə verib, qazanc götürür. Bundan başqa yaşadıqları həyətdə başqa bir ev tikib, onu da kirayə verib, qazanc götürür. Kifayət qədər yaxşı qazanca malik olmasına baxmayaraq məhkəmə qərarı ilə müəyyən olunan pul məbləğini ödəmir. Onun üç uşağı olmuşdur, sonra uşaqlardan biri dünyasını dəyişmişdir. Borclu o uşağın cənazəsinə belə gəlməmişdir. Uşaqlarına nə maddi, nə mənəvi dəstək olmuşdur. Çox baxımsız vəziyyətdə uşaqları yaşamışdır.2022-ci ildə məhkəmə qərarı çıxarılmasına baxmayaraq bu günə qədər ödəniş etməmişdir. Borclu ya məhkəmə qərarı ilə müəyyən olunan pulu ödəsin ya da həbs olunsun. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 6 döngə, 9/1 saylı fərdi yaşayış evinin alınmasına sərf edilmiş 35.000 ABŞ dollarının ½ hissəsi, yəni 17.500 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 45 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi 12 iyun 2023-cü il tarixdə icraya yönəldilmişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X2 xeyrinə tutulmalı olan 17500 ABŞ dolları məbləğində pul indeksasiya olunaraq 18165 ABŞ dolları məbləğində müəyyən edilmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən müştəri Şəxs hesablarına xx.xx.2025-ci il tarixində 138183-4-38-004 N-li inkasso sərəncamı daxil olub və 2 ay müddətində icraya qəbul olunmuşdur, xx.xx.2025-ci il tarixində müştərinin hesabından 7,745.26 AZN qismən silinmə icra edilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)- 2403/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. Elektron məhkəmə informasiya sistemində Şəxs digər məhkəmə işləri barəsində məlumatlardan görünür ki, onun barəsində xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən-icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, digər sübutlar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxsin barəsində iki dəfə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5635/2022 saylı, xx.xx.2022 saylı icra sənədinin icrası istiqamətində heç bir tədbir görməmişdir. Şəxsin adına bank hesabında vəsait olmasına baxmayaraq icra sənədini icra etməməsi, özünün də etiraf ediyi kimi evi kirayə verib qazanc əldə etməsinə baxmayaraq icra sənədi üzrə ödəniş etməməsi onun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmasının göstəricisidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədləri üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu, əvvəllər barəsində inzibati tənbeh tədbiri qaydasında tətbiq edilmiş cəriməni ödəməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iki dəfə barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qətnaməsini icra etməməkdə davam etməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X5 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5582/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5582/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver