Məhkəmə qərarları › İş №3(008)-5593/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5593/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5593/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:25-də idarə etdiyi “Tufan S-150” markalı, 99-D-215 dövlət nömrə nişanlı motosikl ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq qarşısındakı avtomobilə dəymiş və nəticədə Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15.25 radələrində o, idarə etdiyi Tufan S-150 markalı 99-D-215 nömrəli motosikl ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bilgəh-Pirşağı yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində sağ tərəfdən birinci zolaqla təxminən 70-80 km saat sürətlə hərəkətdə olarkən anidən qarşısında eyni istiqamətdə və eyni zolaqda dayanmış “Opel Astra” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyət olmasını təxminən 4-5 metr məsafədə gördükdə əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməyib, idarə etdiyi motosikiin ön hissəsi ilə “Opel Astra” markalı, **-OJ-*** d.q.n-lı avtomobilin arxa hissəsindən vurmuş, zərbədən motosikl aşmışdır. Hadisə zamanı o və motosikldə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Zərərşəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur, onunla barışmışdır. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında bildimişdir ki, xx.xx.2025-ci il tarixdə o, Şəxs idarə etdiyi motosikldə sərnişin qismində olmuşdur. Həmin motosikl Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bilgəh-Pirşağı yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində sağ tərəfdən birinci zolaqla təxminən 70-80 km saat sürətlə hərəkətdə olarkən anidən qarşısında eyni istiqamətdə və eyni zolaqda dayanmış “Opel Astra” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, zərbədən motosikl aşmışdır. Hadisə nəticəsində o və Adil bədən xəsarətləri almışlar. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, Şəxs və Zərərçəkmiş şəxs2 yolnəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1844 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazunun əzilmiş yaraları və sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2025-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2035-ci il tarixədək qüvvədə olan A1, A, B1, B, C1, C kateqoriyalı, BA467883 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar