Məhkəmə qərarları › İş №3(008)-5599/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5599/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5599/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 01 aprel 1978-ci il tarixdə Cəbrayıl rayonu, G.Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, G.Veysəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan- X3 Bakı şəhər BPİ X7 İdarəsinin inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Bakı şəhər BPİ X7 İdarəsinin inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ X7 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Bakı şəhər BPİ X7 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəhər BPİ X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 öz izahatında göstərmişdir ki, 04 sentyabr 2023-ci il tarixdə Sabunçu-Zabrat yolunun Balaxanı kəsişməsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması əsası ilə ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən o 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, o hər hansı inzibati xətaya yol verməmiş və düzgün şəkildə geriyə dönmə əməliyyatını icra etmişdir. Həmin yerin videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altında olub-olmadığı barədə məlumatlı deyil. Bircə onu qeyd edə bilər ki, vəzifəli şəxs özünü təqdim edərək geriyə dönmə əməliyyatı icra edilərkən “xəttin tapdalandığını” bildirmiş, o isə belə olmadığını söyləmişdir. Barəsində qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli qərardan narazıdır. Məhkəmədən şikayətinin təmin olunmasını, qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən X1 izahatını dinləyib, Bakı şəhər BPİ X7 İdarəsinin inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2023-cü tarixli qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, həmin qərar ləğv edilməli və işə yenidən baxılması üçün Bakı şəhər BPİ X7 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 barəsində qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə edilmə haqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü tarixli qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər BPİ X7 İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü tarixli qərar ləğv edilsin, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər BPİ X7 İdarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar