Məhkəmə qərarları › İş №3(008)-562/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-562/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-562/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Sadavat kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı, 22 yanvar 2024-cü il tarixli protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(103)-10950/2021 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 anası X2 himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə, uşaq anasının yanında qalmağa başladığı vaxtdan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzrsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış və onun 2890 manat aliment borcu yaranmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs məhkəmə qətnaməsi üzrə təyin olunmuş aliment məbləğindən bu günədək heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, uşaq 3 il 2 ay müddətində onun yanında qalmışdır və həmin müddət ərzində uşağın bütün xərcləri onun tərəfindən qarşılanmışdır. 30 noyabr 2022-ci il tarixdə uşaq anasının yanına qayıtmış və o, dekabr ayında uşağın müəyyən xərclərini qarşılamışdır. Həmin vaxtdan etibarən uşağın anası X4 faktiki olaraq onu atalıqdan məhrum edib, yəni dekabr ayından bəri o, uşağını görməmişdir, bu səbəbdən də alimenti ödəmir. Nə qədərki, 3 il 2 ay uşağa təkbaşına baxaraq hər xərcini çəkmişdir, hesab edir ki, 3 il 02 ay anası baxdıqdan sonar aliment ödəməlidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, uşaq onun yanına qayıdandan bəri atası tərəfindən heç bir ödəniş edilməmişdir. Uşaq atası ilə qaldığı müddətdə uşaq zorla onun əlindən alınmış və atasının yanında saxlanılmışdır. Polisə ərizə ilə müraciət edərək 2022-ci ilin noyabr ayında uşağı öz himayəsinə ala bilmişdir. Ümumiyyətlə, məhkəmə qətnaməsi ilə müəyyən olunan vaxtdan bəri ona barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hər hansı aliment məbləği ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(103)10950/2021 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 anası X2 himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə, uşaq anasının yanında qalmağa başladığı vaxtdan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 13 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş və bu xəbərdarlıqlar müvafiq olaraq Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2010/2023 saylı qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərəçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs aliment məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, alimentin ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs alimenti ödəməməsinin səbəbi kimi X2 uşağı ona göstərmədiyini və uşağı ilə görüşməsinə imkan vermədiyini, 03 il 02 ay müddətinə uşağa tək baxdığını bildirsə də, onun həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Şəxs göstərdiyi bu səbəb məhkəmə qətnaməsinin icra olunmaması üçün əsas olmamaqla onun məhkəmə qətnaməsinin icra olunmasından məhz qəsdən və qərəzli olaraq yayınmasının göstəricisidir. Belə ki, göstərilən səbəb, Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq üçün deyil, uşaqlarla qanunla müəyyən edilmiş qaydada görüş günlərinin və saatlarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün əsasdır ki, iş materiallarında Şəxs belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı sənəd olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da o, belə bir ərizə ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000(min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar