Məhkəmə qərarları › İş №3(008)-5625/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5625/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5625/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respubikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 07 oktyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-230/2012 saylı, 28 dekabr 2012-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə hökmü ilə Şəxs 26,319 manat 54 qəpik məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rəşad Mustafayev protokolda göstərilənlərə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin s/c olaraq icra məmuru Şəxs işləmədiyini, hər hansı iş yerinin olmadığını, özünün isə Məşğulluq Xidmətində qeydiyyatda olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, məhkəmə hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib çıxdıqdan sonra iş tapa bilməmişdir. Onun himayəsində üç oğlu var, onlardan biri Qarabağ müharibəsi iştirakçısı, digəri isə hazırda əsgərdir. Ailədə yeganə günəmuzd işləyərək qazanc gətirən şəxs özüdür. Onun əldə etdiyi qazanc isə onun ailəsini dolandırmağa belə yetmir. Maddi imkanı olmadığından dövlətə olan borcunu ödəyə bilməmişdir. Lakin bu hər hansı üzürsüz səbəblə bağlı olan hal deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-230/2012 saylı, 28 dekabr 2012-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə hökmü ilə Şəxs 26,319 manat 54 qəpik məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. “İcraata başlama haqqında” 25 fevral 2013-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-230/2012 saylı, 28 dekabr 2012-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iş materiallarına əlavə edilmiş və icra şəöbəsində dəfələrlə-28 mart 2019-cu il tarixdə, 27 oktyabr 2021-ci il tarixdə,07 oktyabr 2022-ci il tarixdə icra şöbəsində verdiyi izahatlarında da o, iş yerinin olmasığını, özünün fəhlə olduğunu və dövlət büdcəsinə olan borcunu imkansızlıq səbəbindən ödəyə bilmədiyini göstərmişdir. 1-6413 nömrəli “Azərbaycan Respublikası Medalının vəsiqəsi”nin surətindən görünür ki, X2 “Kəlbəcərin azad olunmasına görə medalı” ilə təltif olunmuşdur. 1-24693 nömrəli “Azərbaycan Respublikası Medalının vəsiqəsi”nin surətindən görünür ki, X2 “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, Şəxs hazırki günədək dövlət büdcəsinə olan borcunu ödəyə bilməməsinin səbəbi üzürsüz olmamaqla onun iş yerinin olmaması və real olaraq maddi cəhətdən həmin borcu ödəmək iqtidarında olmaması ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında iştirak edən icra məmuru özü də sədrlik edənin sualına cavab olaraq Şəxs iş yerinin olmadığını, onun Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olduğunu bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları Şəxs əməlində inzibati xəta tərkibinin olmasını və onun üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməməsini istisna edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin həmin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına məhkəmə qərarını icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı müəyyən edilməmiş, əksinə onun borcu ödəyə bilməməsinin maddi cəhətdən imkanının olmaması ilə əlaqədar olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs maddi cəhətdən borcu ödəmək iqtidarında olmaması səbəbindən məhkəmə qərarını icra edə bilməməsi müəyyən edildiyindən və belə olan halda onun tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar