Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5644/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Hacıyeva Ayla Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə (taksi fəaliyyəti) ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 03 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2023-cü il tarixli, 2(008)- 1483/2020 saylı icra vərəqəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8399/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 19 iyul 2005-ci il təvəllüdlü X4, 04 mart 2007-ci il təvəllüdlü X3, 18 yanvar 2009-cu il təvəllüdlü X2, 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat, cəmi 680 manat məbləğində alimenin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini tam icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs icra sənədi üzrə müəyyən edilmiş borcu tam ödəmir. Hazırda uşaqlardan biri 18 yaşına çatdığından o, hər ay zərərçəkmiş şəxsə 510 manat məbləğində aliment ödəməli olduğu halda hər ay 350 manat ödəyir və hazırda onun 4940 manat məbləğində alimünt borcu var. Zərərçəkmiş borcun ödənilməsini və hər ay 510 manat məbləğində alimentin ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab etmir. Belə ki, o, hər ay 350 manat aliment ödəməklə yanaşı uşaqlarının məktəb və digər ehtiyaclarının qarşılanmasına da köməklik edir. Hazırda qazancı alimenti tam ödəməyə imkan vermir. Hesab edir ki, o, uşaqlarının ehtiyaclarının qarşılanmasına kifayət qədər kömək edir və hər ay bacardığı qədər aliment ödənişi edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsini və hər ay qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment ödənilməsini tələb edir. Bir müddət aralarında 350 manat məbləğində alimentin ödənilməsinə dair barışıq sazişi olsa da, həmin sazişin müddəti iyul ayında bitmişdir. Lakin buna baxmayaraq Şəxs alimnet ödənişini artırmamış və hələ də ayda 350 manat ödəniş edir. Bununla yanaşı, Şəxs öncədən yaranmış borcu da vardır. Həmin borcun ödənilməsini də tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2023-cü il tarixli, 2(008)- 1483/2020 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8399/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 19 iyul 2005-ci il təvəllüdlü X4, 04 mart 2007-ci il təvəllüdlü X3, 18 yanvar 2009-cu il təvəllüdlü X2, 08 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat, cəmi 680 manat məbləğində alimenin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş “İcraata başlama haqqında” 29 oktyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2023-cü il tarixli, 2(008)-1483/2020 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, və borcluya tələbin könüllü icrası barədə bildiriş 29 aprel 2022-ci il tarixdə borclu tərəfindən qəbul edilmişdir. 14 oktyabr 2022-ci il tarixli, 4-02115 nömrəli barışıq sazişindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında 19 iyul 2023-cü il tarixədək hər ay 350 manat məbləğində alimetin ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli izahatdan görünür ki, o, həmin izahatında bir ildir ki, vatlı-vaxtında 350 manat məbləğində aliment ödədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən tam şəkildə yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, alimentin məhkəmə aktı ilə müəyyən edilmiş qaydada ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxslə əldə edilmiş razılığa uyğun olaraq ayda 350 manat ödəniş etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, həmin razılığın müddəti 19 iyun 2023-cü il tarixdə bitdiyindən uşaqlardan birinin 18 yaşına çatması nəzərə alınmaqla Şəxs tərəfindən zərərçəkmiş şəxsə hər ay 510 manat məbləğində aliment ödənilməli olduğu halda barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə qətnaməsini nəzərə almadan müddəti bitmiş razılıq sazişi əsasında ödənişlər etməyə davam etmişdir ki, bu hal məhkəmə qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, iş materiallarından görünür ki, Şəxs hələ zərərçəkmiş şəxslə razılıq əldə etmədən öncədən yığılmış aliment borcu olmuş, lakin ötən uzun müddət ərzində o, həmin borcdan hər hansı ödəniş etməmişdir. Göstərilən bu hallar Şəxs icra sənədini tam icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməməsinə dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, aliment məbləğindən qismən ödənişlər etdiyini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5644/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5644/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver