Məhkəmə qərarları › İş №3(008)-5645/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5645/2025

27.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5645/2025 27.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu, Cəlilli Ə/D, Cəlilli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 27 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 bildirmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölməsinin əməkdaşları 27 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsində xidmət aparan zaman həmin ərazidə yerləşən "Arzu" şadlıq sarayının qarşısında iki nəfər şəxsin mübahisə etdiyini görərək, dərhal onlara yaxınlaşıb özlərini təqdim etmiş və mübahisənin səbəbini soruşmuşlar. Həmin şəxslərdən biri polis əməkdaşları ilə aqressiv şəkildə danışaraq “Siz kimsiniz, gedin işinizlə məşğul olun” ifadəsini işlətmişdir. Polis əməkdaşları tərəfindən şəxslər bir daha sakit olmağa və ictimai asayişi pozmamağa dəvət edilmiş, lakin qeyd olunan şəxs onlara məhəl qoymamış, verilən qanuni tələblərə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Nəticədə, həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə xidməti avtomobilə əyləşdirilərək Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində aparılmış ilkin araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Faktla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlər əsasında Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, evli olmaqla üç azyaşlı övladı var. Vətən müharibəsində iştirak edib və qazidir. Onun keçirdiyi müharibə xəsarətləri nəticəsində baş nahiyəsində müəyyən travmalar mövcuddur və bu səbəbdən spirtli içki qəbul etdiyi zaman yaddaşında problemlər yaranır. O, 26 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən "Arzu" şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmiş, lakin həmin məclisdə spirtli içki qəbul etdiyinə görə sonradan baş verən hadisələri xatırlamadığını bildirmişdir. Bu səbəbdən, hadisə zamanı polis əməkdaşlarına hansı reaksiya verdiyini və bədənində mövcud olan xəsarətləri hansı şəraitdə aldığını xatırlamadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölməsinin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsi daşıyır. 27 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsində xidmət aparan zaman həmin ərazidə yerləşən "Arzu" şadlıq sarayının qarşısında iki nəfər şəxsin mübahisə etdiyini görərək, dərhal onlara yaxınlaşıb özlərini təqdim etmiş və mübahisənin səbəbini soruşmuşlar. Həmin şəxslərdən biri onlarla aqressiv şəkildə danışaraq “Siz kimsiniz, gedin işinizlə məşğul olun” ifadəsini işlətmişdir. Tərəflərindən şəxslər bir daha sakit olmağa və ictimai asayişi pozmamağa dəvət edilmiş, lakin qeyd olunan şəxs onlara məhəl qoymamış, onlarla yüksək səslə danışaraq, ünvanlarına nalayiq ifadələr işlətmiş, verilən qanuni tələblərə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Nəticədə, həmin şəxs tabesizlik göstərdiyinə görə fiziki güc tətbiq edilərək göz yaşardıcı qazdan istifadə edilməklə xidməti avtomobilə əyləşdirilərək Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində aparılmış ilkin araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs aldığı xəsarətlər avtomobilin barmaqlıqlarına dəyməsi nəticəsində də baş verə bilər, lakin polis əməkdaşlarından heç biri həmin şəxsə hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölməsinin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsi daşıyır. 27 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsində xidmət aparan zaman həmin ərazidə yerləşən "Arzu" şadlıq sarayının qarşısında iki nəfər şəxsin mübahisə etdiyini görərək, dərhal onlara yaxınlaşıb özlərini təqdim etmiş və mübahisənin səbəbini soruşmuşlar. Həmin şəxslərdən biri onlarla aqressiv şəkildə danışaraq “Siz kimsiniz, gedin işinizlə məşğul olun” ifadəsini işlətmişdir. Tərəflərindən şəxslər bir daha sakit olmağa və ictimai asayişi pozmamağa dəvət edilmiş, lakin qeyd olunan şəxs onlara məhəl qoymamış, onlarla yüksək səslə danışaraq, ünvanlarına nalayiq ifadələr işlətmiş, verilən qanuni tələblərə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Nəticədə, həmin şəxs tabesizlik göstərdiyinə görə xidməti avtomobilə əyləşdirilərək Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində aparılmış ilkin araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Polis əməkdaşlarından heç biri həmin şəxsə qarşı hər hansı xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* №li 27 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA 017001 nömrəli, 27 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2025-ci il tarixdə, saat 00:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vətən müharibəsi iştirakçısı olması, himayəsində üç azyaşlı övladının olması məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs 27 sentyabr 2025-ci il tarixdə, saat 00:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar