Məhkəmə qərarları › İş №3(008)-5691/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5691/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5691/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş X2 iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi YYM-də yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1999/2024 saylı, 19 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən 1640 (min altı yüz qırx) manat aliment borcunun zərərçəkmiş X2 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən MN № ******* saylı, 29 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1999/2024 saylı, 19 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən 1640 (min altı yüz qırx) manat aliment borcunun zərərçəkmiş X2 xeyrinə ödənilməsindən yayınır. Ona görə də borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Aliment borcunun tutulması üçün borclunun əmək haqqısının 70%-nə yönəldilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunu ödəməkdən imtina etmir, hər ay əmək haqqından aliment borcunun ödənilməsi üçün pul tutulur. Əlavə gəlir yeri yoxdur. Hər ay əmək haqqından tutularaq övladına verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 izahatında göstərmişdir ki, alimentin ödənilməsini tələb edir. Borclu borcunu ödəməkdən bu günə qədər müxtəlif bəhanələrlə yayınır. Alimenti tam ödəmək üçün imkanı var. Övladını saxlamaqda çətinlik çəkir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1999/2024 saylı, 19 mart 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 03 dekabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat aliment, habelə uşağın 3 yaşı tamam olanadək hər ay 50 (əlli) manat, cəmi 270 manat cavabdeh Şəxs tutularaq zərərçəkmiş X2 xeyrinə ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş “tələbin könüllü icrası haqqında” 06 aprel 2024-cü il tarixli e110414/2024-4-27-003 saylı bildirişdən görünür ki, icra sənədinin könüllü icrası barədə borcluya məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş 13 may 2024-cü il tarixli, e110414/2024-4-27-003 saylı məktubdan görünür ki, aliment borcunun tutulması üçün borclunun əmək haqqına yönəldilməsi barədə fiziki şəxs X3 məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş, qəbzlərdən görünür ki, borclu tərəfindən aliment ödənişi üçün 250 (iki yüz əlli) manat ödəniş edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1999/2024 saylı, 19 mart 2024-cü il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış aliment borcunun tutulması borclunun əmək haqqına yönəldilərək ödənişlər aparılır. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar