Məhkəmə qərarları › İş №3(008)-5694/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5694/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5694/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə1, Hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 21 avqust 2024-cü il tarixli, MN ******* saylı tarixli protokola əsasən 21 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən yanacaq doldurma məntəqəsində planlı YTM keçirilən zaman YTQ № 01-2001, bənd 6.1, 8.1 və 9.1 tələblərinin pozulması aşkar edilmişdir. Bununla da Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 MMC tərəfindən törədilmiş inzibati xətanı etiraf etdiklərini, inzibati xəta haqqında protokolla razı olduqlarını qeyd edərək inzibati cərimənin şərti tətbiq olunmasını və protokolda qeyd olunan pozuntuların aradan qaldırılması üçün 1 ay vaxt verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 sözügedən pozuntuların aradan qaldırılması üçün MMC-yə vaxt verilməsinə və cərimənin şərti tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” 14 avqust 2024-cü il tarixli, 02206 saylı qərardan görünür ki, Şəxs MMC-də planlı yoxlamanın aparılması qərara alınmışdır. 16 avqust 2024-cü il tarixli, 02206 saylı “Yanğın-texniki müayinə aktı”ndan və “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 21 avqust 2024-cü il tarixli, 02206 saylı qərardan görünür ki, Şəxs MMC-yə məxsus yanacaq doldurma məntəqəsində obyektub elektrik təsərrüfatı “Elektrik Qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmaması, obyektin yanğın hovuzu ilə təmin olunmaması, obyekin avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasaz vəziyyətdə olması müəyyən edilmişdir. İnzibati xəta haqqında 21 avqust 2024-cü il tarixli, MN ******* saylı tarixli protokoldan görünür ki, 21 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşəmn yanacaq doldurma məntəqəsində planlı YTM keçirilən zaman YTQ № 01-2001, bənd 6.1, 8.1 və 9.1 tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlarla Şəxs MMC-nin AR İXM-nin 518.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri olan cərimə tətbiq edilməli və həmin cərimə AR İXM-nin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd edir ki, inzibati cərimənin şərti tətbiq edilməsi üçün ilk növbədə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Hazırki halda isə inzibati xətanı törətmiş subyekt hüquqi şəxs olduğundan və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyətinə isə yalnız hakim malik olduğundan təyin edilmiş cərimənin də məhz məhkəmənin qərarı ilə şərti tətbiq olunması qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, AR İXM-nin 116.1-ci maddəsində qanunverici “şəxs” anlayışını nəzərdə tutmaqla fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs arasında fərq qoymamışdır. Lakin bununla yanaşı AR İXM-nin 18.5-ci maddəsində hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin yalnız hakim tərəfindən tətbiq edilməsinin göstərilməsi (127-4.5-ci maddəsi istisna olmaqla), AR İXM-nin 116.1-ci maddəsində isə inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyətinin isə yalnız səlahiyyətli orqana (vəzifəli şəxsə) verilməsi hüquqi şəxslərin AR İXM-nin 116.1-ci maddəsində nəzərdə tutulmuş imkandan məhrum edilməsinə və bununla da fiziki və vəzifəli şəxslərlə müqayisədə qanun normasının hüquqi şəxslərə fərqli tətbiq edilməsinə gətirib çıxarır. Belə ki, səlahiyyətli orqanın hüquqi şəxs barəsində qərar qəbul etmək səlahiyyətinin yalnız məhkəmədə olmasına istinad edərək hətta həmin hüquqi şəxsin vəzifəli şəxsi barəsində inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edərək ona müvafiq hüquqozmanın aradan qaldırılması üçün vaxt vermədək birbaşa hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərməsi hüquqi şəxslərin mənafelərinin pozulmasına və onlara qarşı qanun normasının fərqli, yəni hüquqlarını məhdudlaşdıran formada tətbiq edilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, AR İXM-nin 116.1-ci maddəsində sadalanan maddələrlə bağlı tətbiq edilən inzibati cərimənin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən şərti tətbiq edilməsinin göstərilməsi hərfi və formal şərh olunmamalı, hüquqi şəxslərlə bağlı tənbeh tədbirinin tətbiq edilməsi səlahiyyətinin müstəsna olaraq məhkəmənin (hakimin) səlahiyyətinə aid edilməsi hüquqi şəxslərə münasibətdə məhkəmə qərarı ilə tətbiq edilmiş inzibati cərimənin də məhz məhkəmə tərəfindən şərti olaraq tətbiq edilməsi imkanını mümkün etməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC AR İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmin cərimə AR İXM-nin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, hüquqi şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət ərzində (01 ay) səlahiyyətli orqana və məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxs MMC-yə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. AR İXM-nin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-yə AR İXM-nin 518.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində səlahiyyətli orqana (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi) və məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxs MMC-yə izah edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyin andan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar