Məhkəmə qərarları › İş №3(008)-5737/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5737/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5737/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli MN 1446281, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Aslanov X5 qəsəbəsi ərazisində narkotik vasitə MOP qəbul etmiş və bununla da AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Aslanov X5 qəsəbəsində, 20:30 radələrində polis əməkdaşlarının qanuni tələblərini yeriə yetirməyərək müqavimət göstərmiş və bununla da AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 12 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin növbətçi hissəsinin iş fəaliyyətini pozmuş və bununla da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolları raport əsasında tərtib etdiyini, protokolda göstərilənləri təsdiq etdiyini bildirərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş və növbətçi hissəsinin iş rejimini pozacaq hərəkətlərə yol verməmişdir. O, özünü yalnız AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, küçədə polis əməkdaşları ona yaxınlaşan zaman ona özünü təqdim etməsini və bölməyə gəlməli olmasını bildirdikdə o, polis əməkdaşlarına məhləl qoymamış və əli ilə onları itələmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Aslanov X5 qəsəbəsi ərazisində narkotik vasitə MOP qəbul etmiş və bununla da AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Aslanov X5 qəsəbəsində, 20:30 radələrində polis əməkdaşlarının qanuni tələblərini yeriə yetirməyərək müqavimət göstərmiş və bununla da AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 12 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin növbətçi hissəsinin iş fəaliyyətini pozmuş və bununla da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 12 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları 12 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində ərazidə xidmətdə olarkən Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində vətəndaş müraciəti əsasında 2 nəfər şəxsi ərazidə baş vermiş cinayət hadisələrinin törədilməsində şübhəli bilib onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərdən özlərini təqdim etmələrini istədikdə onlar qəflətlən uzaqlaşmağa başlamışlar. Qaçıb həmin şəxsləri yaxaladıqda onlar polis əməkdaşlarına güc tətbiq etməyə başlamışlar. Həmin şəxslər polis bölməsinə gətirildikdən sonra onların Şəxs və X3 olmaları məlum olmuşdur. 13 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Şəxs və X3 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirildikdən sonra orada səs-küy salaraq ucadan nalayiq ifadələr işlətmişlər və aqressiv hərəkətlər nümayiş etdirmişlər və bununla da növbətçi hissənin iş fəaliyyətini pozmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 oktyabr 2022-ci il tarixli, 6035 saylı rəyindən görünür ki, Şəxs opioidlərin istifadə etmə halları olub. Lakin hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “İnzibati qaydada tutma haqqında” AZA 018106 saylı protokoldan görünür ki, Şəxs 12 oktyabr 2022-ci il tarixdə, saat 22:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli olması iş materialları öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs özünü AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli rəyində Şəxs opioidlərin istifadə etmə hallarının olması, lakin hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş və iş üzrə yekun nəticəyə gəlmək üçün həlledici sübut növlərindən biri hesab edilən ekspert rəyində mücərrəd formada Şəxs narkotik vasitədən istifadə etmə hallarının olması göstərilsə də, onun ən son təxmini hansı tarixdə və ya rəyin verilməsindən neçə gün əvvəl narkotik vasitədən istifadə etməsi göstərilməmiş və hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur ki, bu hal özü verilmiş ekspert rəyinin iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli olmamasına dəlalət edir. Nəzərə alınsa ki, hazırda Şəxs narkomaniya xəstəliyin heç bir əlaməti aşkar edilmir, şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün qanunla nəzərdə tutulmuş 03 aylıq inzibati məsuliyyətə cəlb etmə müddətindən neçə gün və ya ay əvvəl onun narkotik vasitə və ya psixotrop maddədən istifadə etməsini müəyyən etmək mümkün deyil, belə olan halda şəxsin AR İXM-nin 206-cı maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsin əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin yaranması üçün zəruri şərt şəxsin hərəkətləri ilə ictimai qaydanın pozulmasıdır. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Hazırda inzibati xəta haqqında 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokolda Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin növbətçi hissəsinin iş fəaliyyətini pozmasına istinad olunsa da, protokolda göstərilən xüsusat barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs tərəfindən təkzib olunmuş, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan isə protokolda göstərilən halları təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmiş, hər hansı şahidi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun AR İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə Şəxs həmin maddə ilə təqsirli olması qənaətinə gəlir. Belə ki, barəsində inzibati qaydada icraat aparan şəxs həm 14 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokolda, həm də 12 oktyabr 2022-ci il tarixli raportda göstərilənləri təsdiq edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, əli ilə onlardan birini itələdiyini qeyd edərək özünü həmin maddə ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. X4 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, məsuliyyətini yüngülləşdirən halın olması, ağırlaşdıran halın isə olmaması, onun şəxsiyyəti, inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri nəzərə alınaraq Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli olması sübuta yetirilmədiyindən Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddələrlə təqsirli olması sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar