Məhkəmə qərarları › İş №3(008)-5737/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5737/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5737/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru Ceyhun Məmmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 30 avqust 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi, döngə 2, ev 9-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Tik-Tok sosial şəbəkəsində ünvansız küçə söyüşləri söyərək, nalayiq ifadələr işlədərək əxlaqsızlığı təbliğ edərək xuliqanlıq etmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Ceyhun Məmmədov tərəfindən MN № ******* saylı 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Ceyhun Məmmədov izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Tik-Tok sosial şəbəkəsində ünvansız küçə söyüşləri söyərək, nalayiq ifadələr işlədərək əxlaqsızlığı təbliğ edərək xuliqanlıq etmişdir. Daha sonra raportla Şöbə rəisinə müraciət olunmuş, həmin raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq etiraf edir, peşmandır. Həmin vaxt içkili olmuşdur. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Ona verilən suallara cavabında bildirmişdir ki, qaynına məxsus Tik-Tok sosial şəbəkəsində canlı yayımda içkili olduğu üçün nalayiq ifadələr işlətdiyini, etdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs izahatından görünür ki, etdiyi əməldən peşmandır, söz verir ki, bir daha bu kimi əməllərə yol verməyəcəkdir. AZA 018087 saylı, 29 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2025-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Ceyhun Məmmədov tərəfindən MN № ******* saylı 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş raportdan və iş materiallarına əlavə edilmiş video-diskdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Tik-Tok sosial şəbəkəsində ünvansız küçə söyüşləri söyərək, nalayiq ifadələr işlədərək əxlaqsızlığı təbliğ edərək xuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını qeyd etmişdir. İş üzrə Şəxs baş vermiş hadisəyə görə peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Lakin məhkəmə törədilən inzibati xətaların növ müxtəlifliyini, barəsində inzibati xəta törətmiş şəxsin hərəkətlərinin davam etdirilməsini inzibati tənbeh növünün seçilməsində nəzərə almağı məqsədəmüvafiq hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 sentyabr 2025-ci il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar