Məhkəmə qərarları › İş №3(008)-5739/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5739/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5739/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Mingəçevir şəhəri, H.Əliyev pr, 86, 10 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bununla bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən MN seriyalı, № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş MN seriyalı, № ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə Ramanı qəsəbəsində olan zaman vətəndaş Seyidağa Ramazanov yaxınlaşaraq kürəkəni Etibarın onları təhqir edib, şərəf və ləyaqətini alçaltdığını bildirmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs İXM-nin 510 və 206-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Şəxs qaynatasının, həyat yoldaşının sözlərinə əsasən o əvvəllər də həyat yoldaşına hədə qorxu gələrək narkotik vasitə alması üçün ondan pul tələb etmişdir. xx.xx.2025-ci il tarixdə qaynatasının yaşadığı evə gələrək həyat yoldaşından çölə çıxmasını, ona pul verməsini tələb etmişdir. Bu baş vermədikdə orada səs-küy salmağa başlamışdır. Bununla da ətrafda yaşayan insanların narahatçılığına səbəb olmuşdur. Bununla bağlı onlara məlumatı verildikdə həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə təmin etmişlər. Orada şəxs narkoloji müayinədən keçirilmiş və narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Bir ilə yaxındır ki, narkotik vasitə heroin qəbul edir. Qaynatasının evinə həyat yoldaşını görmək üçün getmişdir. Həyat yoldaşı ondan ayrılmaq qərarına gəlmişdir. O, narkotik vasitə əldə etmək üçün ondan pul tələb etmişdir.Bundan əvvəl bir dəfə onun işlədiyi məktəbə gedib ondan pul istəmişdir. Lakin o, səs-küy salıb heç kimi narahat etməmişdir. Əməlindən peşmandır və gələcəkdə bu kimi halların təkrarlanmayacağına söz verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 6072 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MET (+), MOP (+), AMP (+) aşkar olunur, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2023-cü il tarixdən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İnzibati qaydada tutma haqqında AZA seriyalı, 017062 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində saat təxminən 12:50 radələrində Ramana qəsəbəsində xidmət zamanı 1 nəfər şəxs onlara yaxınlaşıb 2 nəfər şəxsdən şikayətçi olduğunu və onları narahat etdiyini bildirmiş, onlar dərhal həmin 2 nəfər görüb onlara yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsləri 12-ci PŞ-nə gətirmişlər, orada həmin şəxslərin X3 və Şəxs olduğu məlum olmuşdur. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə sadalananlara əsasən Şəxs ona istinad edilən inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, özünün izahatı, iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «28» sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar