Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5740/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi X4, X1 iştirakları ilə, X3 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi avtomobilin arxası ilə gələn sayrışan işıqları olan avtomobil xüsusi səs siqnalından istifadə etməmiş və bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddənin 2-ci bəndinin tələbləri pozulmuşdur. Təqdim etdiyi videgörüntüdən göründüyü kimi, hadisə vaxtı hava işıqlı olmuş, o, sayrışan işıqlı avtomobili gördüyü anda sağa dönmə işıq siqnalını yandırmış, qəza şəraiti yaratmamaq üçün sağ hərəkət zolağında olan “Wolksvagen Passat” markalı avtomobilə yol vermiş, sonra hərəkət zolağını dəyişərək arxadan gələn avtomobilə yol vermişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, onun işıqlı hava şəraitində sayrışan işıqları görməsi mümkünsüz olmuşdur. O, arxadan gələn sayrışan işıqları olan avtomobili gördüyü anda sağ zolaqdan gələn avtomobilə yol vermiş və dərhal sağ hərəkət zolağına keçərək arxadan gələn sayrışan işıqları olan avtomobilə yol vermişdir. Həmin vaxt arxadan gələn avtomobil xüsusi səs siqnalıdan istifadə etmədiyindən həmin avtomobili yalnız onun arxasında yaxın məsafədə olanda görmüş və dərhal həmin avtomobilə yol vermişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmamışdır. Barəsində haqsız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onun məhkəməyə təqdim etdiyi videogörüntüdən onun heç bir inzibati xətaya yol verməməsi aydın şəkildə görünür. Bu səbəbdən barəsində qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi X6 hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı X11 İdarəsində kifayət qədər araşdırma aparıldığını, şahidlərin dindirildiyini, işin həqiqi hallarının tam və hərtərəfli araşdırıldığını, dövlət təhlükəsizlik kameraları görüntülərindən X2 işıq və xüsusi səs siqnalı olan avtomobilə vaxtında yol verməməsinin, onun hərəkət etdiyi zolaqdan sağda yerləşən hərəkət zolağının boş olmasına baxmayaraq onun sağ hərəkət zolağına keçməməsinin, bir müddət orta zolaqla hərəkət etməsinin, hətta onun yol verməməsi səbəbindən operativ nəqliyyat vasitəsinin məcbur öz hərəkət zolağından kənara çıxmasının, yalnız sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş avtomobil və onu müşayiət edən operativ nəqliyyat vasitəsi onun idarə etdiyi maşına tam yaxınlaşdıqdan sonra sağ hərəkət zolağına keçməyə başlamasının aydın göründüyünü, şikayətçinin təqdim etdiyi videogörüntünün tam olmadığını və sadəcə onun bir müddət sonra sağ hərəkət zolağına keçmə anını əsk etdirdiyini, lakin hadisənin əvvəldən olan hallarını əks etdirmədiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi X6 təhlükəsizlik kameralarından əldə edilmiş görüntülərin məxfi olduğunu və bu səbəbdən diskdə məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Lakin məhkəmə iclasında şikayətçinin iştirakı ilə nümayəndənin telefonunda olan təhlükəsizlik kameralarından köçürülmüş görüntülərə baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X5 05 sentyabr 2022-ci il tarixdə, saat 08:41 radələrində Həsənoğlu H.Əliyev prospekti kəsişməsində “Hyundai Avante” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq siqnalı verən nəqliyyat vasitəsinə yol verməmiş və bununla da AR İXM-nin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi X6 tərəfindən təqdim edilərən məhkəmə iclasında baxış keçirilmiş təhlükəsizlik şəhər kameraları görüntülərindən açıq-aydın görünür ki, X5 “Hyundai Avante” minik markalı, **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq siqnalı verən nəqliyyat vasitəsinə yol verməmiş, yalnız həmin nəqliyyat vasitəsi Cavid Hüseynlinin avtomobilinə lap yaxın məsafədə olarkən o, sağ hərəkət zolağına doğru hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 7-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir. Məhkəmə şikayətçi tərəfin dəlillərini, səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, iş materiallarında olan sübutları, səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi görüntüləri nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır və həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi X6 tərəfindən təqdim edilərək məhkəmə iclasında baxış keçirilmiş təhlükəsizlik şəhər kameraları görüntülərindən açıq-aydın görünür ki, X5 “Hyundai Avante” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sayrışan işıqları yanan nəqliyyat vasitəsinə yol verməmiş, yalnız həmin nəqliyyat vasitəsi Cavid Hüseynlinin avtomobilinə lap yaxın məsafədə olduqdan bir qədər sonra o, sağ hərəkət zolağına doğru hərəkət etməyə başlamışdır. Məhkəmə iclasında şikayətçi özü tərəfindən təqdim edilmiş hadisənin qısa və tam olmayan görüntülərinə istinad edərək sağ hərəkət zolağında olan “Wolksvagen Passat” markalı avtomobilə yol vermək və qəza şəraiti yaratmamaq məqsədi ilə sağ hərəkət zolağına dərhal keçmədiyini bildirsə də, təhlükəsizlik şəhər kameraları görüntüləri ilə şikayətçinin dəlilləri təkzib olunmuşdur. Belə ki, həmin görüntülərdən aydın olur ki, sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş avtomobil şikayətçinin idarə etdiyi avtomobilin arxasında olarkən o, yolun sağ hərəkət zolağının boş olmasına baxmayaraq onun həmin hərəkət zolağına keçməsi mümkün ikən sürücü sağ hərəkət zolağına keçməmişdir. Şikayətçi qəza şəraiti yaratmamaq və yolun sağ hərəkət zolağında hərəkətdə olan avtomobilə yol vermək üçün sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş avtomobilə dərhal yol vermədiyini göstərsə də, təhlükəsizlik şəhər kameraları görüntüləri ilə müəyyən edilir ki, “Wolksvagen Passat” markalı avtomobil sağ hərəkət zolağında görünənədək həmin yol boş olmuş, hətta avtomobil keçdikdən sonra da şikayətçi dərhal sağ hərəkət zolağına keçməmiş və bir qədər də əvvəlki zolaq üzrə yoluna davam etmişdir. Halbuki, AR “Yol hərəkəti haqqqında” Qanunun tələblərinə əsasən nəqliyyat vasitəsinin sürücüsü qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalı idi. Məhkəmə iclasında şikayətçi özü tərəfindən təqdim edilmiş videogörüntülərə əsaslanaraq təqsirli olmadığını iddia etsə də, məhkəmə təhlükəsizlik şəhər kameraları görüntülərinə baxdıqdan sonra şikayətçi tərəfindən təqdim edilmiş görüntülərin tam olmaması və yalnız şikayətçinin özünün xeyrinə olan hissələrinin məhkəməyə təqdim edilməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5740/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5740/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver