Məhkəmə qərarları › İş №3(008)-5753/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5753/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5753/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 12 oktyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus olan “Mercedes” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakıxanov qəsəbəsi, Şərq küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb qarşısında hərəkətdə olan “Zonqşen” markalı, 99-B-561 dövlət qeydiyyat nişanlı motosiklet sürətini azaltdıqda onun arxa hissəsindən vurub toqquşmuşdur. Nəticədə motosikletə maddi zərər və sürücü X1 yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxsə yaxınlaşaraq köməyə ehtiyacının olub-olmamasını soruşduğunu, hadisə yerinə polis əməkdaşlarının və sığorta işçilərinin gədiklərini, sığorta tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qarşılanacağını bildirmişdir. Törətdiyim əməldən səmimi peşmanam. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 barəsində inzibati qaydada icraat aparılan şəxslə barışmadığını, hadisə yerinə gələn Şəxs qohumlarının ona qarşı pis münasibət göstərərək onu günahkar çıxarmağa çalışdıqlarını, hadisədən sonra inzibati xətanı törətmiş tərəfin onun səhhəti ilə maraqlanmadığını qeyd edərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş tədbir görülməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 sentyabr 2022-ci il tarixli, 2/32769 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə zamanı Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 2322 saylı ekspert rəyindən görünür ki, X2 diz oynağı nahiyyəsinin dərialtı hematoması, sol bud və sol baldır nahiyyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş 29 sentyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin polis kapitanı X7 tərəfindən tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus olan “Mercedes” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakıxanov qəsəbəsi, Şərq küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb qarşısında hərəkətdə olan “Zonqşen” markalı, 99-B-561 dövlət qeydiyyat nişanlı motosiklet sürətini azaltdıqda onun arxa hissəsindən vurub toqquşmuşdur. Nəticədə motosikletə maddi zərər və sürücü X1 yüngül bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar