Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5800/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Bakı şəhəri Sabunçu rayon DYPŞ YNH inspektoru polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.7 və 469.3cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında 29 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Şəxs 26 avqust 2024-cü il tarixdə, saat 07:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində idarə etdiyi “DAEWOO BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu sürücülük hüququ və icbari sığorta olmadan idarə edərkən manevr qaydasını pozub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.7 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon DYPŞ YNH inspektoru polis leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X2 Məmmədəli Ağəli oğlunun nəqliyyat vasitəsini idarə etmə hüququndan məhkəmə hökmü ilə məhrum olunduğunu, onun həmin cəzanı çəkib qurtarmasından sonra yenidən imtahan verərək sürücülük vəsiqəsi almadığını, bu səbəbdən də sürücülük hüququ olmayan şəxs olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, o, əməlindən çox peşmandır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 29 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 26 avqust 2024-cü il tarixdə, saat 07:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində idarə etdiyi “DAEWOO BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu sürücülük hüququ və icbari sığorta olmadan idarə edərkən manevr qaydasını pozub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 maddi zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş ziyan aktından görünür ki, hadisə nəticəsində “Mazda 3” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2976,81 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs iş materiallarında olan yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Hadisə zamanı “Mazda 3” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X1 yazılı izahatından görünür ki, o, həmin izahatında avtomobillə hərəkətdə olarkən yolun sağında dayanmış “DAEWOO” markalı avtobusun qəflətən sola manevr edərək hərəkətə başladığını və nəticədə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.7-ci maddəsinə əsasən bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.5-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş avtomobilin sürücüsünün yazılı izahatı, yol-nəqliyyat hadisəsinin sxemi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçularbarəsində inzibati həbs tətbiq edilə bilməz. 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs 67 yaşının olmasını, təqsirli bilindiyi maddənin sanksiyasında yalnız inzibati həbs növündə inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğunu, 65 yaşına çatmış kişilərə AR İXM-nin 30.2-ci maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsinin istisna edildiyini nəzərə alaraq onun barəsində AR İXM-nin 34- 1-ci maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən, AR İXM-nin 30.2 və 34-1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.1 və 469.3-cü maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.1 və 469.3-cü maddələri nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətaların törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Odur ki, qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5800/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5800/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver