Məhkəmə qərarları › İş №3(008)-5827/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5827/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5827/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kənan oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olan. Şəxs Kənan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Kənan oğlu hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat alimentin tutulub X2 ödənilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4295/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs Kənan oğlunun barəsində Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4295/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə 12720 manat aliment borcu vardır. xx.xx.2022ci il tarixdən sonra hesablanmış borc məbləği bu qədər təşkil edir. Həmin vaxta olan 3560 manat aliment borcu ödənildiyindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şəxs CM-nin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur. Yuxarıda qeyd edilən məbləğdən borclunun təqdim etdiyi qəbzlərə əsasən 400 manat ödəniş olunmuşdur. İcra sənədi üzrə bundan başqa heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmədən Şəxs Kənan oğlunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kənan oğlu izahatında göstərmişdir ki, alimentin icra olunmamasına görə barəsində Gədəbəy Rayon Məhkəməsinin hökmü olmuşdur. Daha sonra o, apellyasiya şikayəti vermişdir. Orada tələbkar ərizə yazmışdır ki, ona 3560 manat ödəniş olunub, heç bir şikayəti yoxdur. Ona görə məhkəmə onu azad etmişdir. Daha sonra o zərərçəkmiş şəxslə birlikdə yaşamağa başlamışdır. Ailəsinə baxmışdır. Zərərçəkmiş şəxsə əlbəəl ödənişlər etmişdir. Sonradan zərərçəkmiş şəxs ona 3560 manatın ödənilmədiyini bildirmişdir. O, həmin vaxt həbsdə olduğu üçün bundan məlumatsız olmuşdur. Həmin puldan zərərçəkmiş şəxsə 1000 manat ödəniş etmişdir. Əgər ona pul ödənilməmişdirsə nəyə görə ərizə yazırdı ki, pul ödənilib. 2020-ci ildə o avtoqəza keçirtdiyindən işləyə bilməmişdir. Ona sığortadan verilmiş 1300 manat pulu da zərərçəkmiş şəxsə vermişdir. Sonra oğurluqdan ittiham olunduğu üçün 4 ay həbsdə olmuşdur. Ona görə də həmin müddət ərzində ödəniş etməmişdir. Həbsdən çıxdıqdan sonra yenidən zərərçəkmiş şəxslə birlikdə yaşamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında telefon vasitəsilə zərərçəkmiş şəxs X4 ilə əlaqə saxlanılan zaman o, izahatında bildirmişdir ki, borclu yalan deyir. Borclu onunla birikdə yaşamamışdır. Borcundan keçən ay üzrə 400 manat ödəniş etmişdir. Ümumilikdə borcundan 600 manat ödəniş etmişdir. Qeyd edilən icra sənədi üzrə aliment borcunu ödəmədiyindən məhkəmə tərəfindən həbs olunmuşdur. Daha sonra apellyasiya şikayəti vermişlər. Orada borclunun anası söz vermişdir ki, 3560 manatı ona ödəyəcəklər, bircə o borcun olmamasına dair sənədlərə qol çəksin. O qaynanasına inanmışdır. Ona dəymiş ziyanın ödənilməsinə dair notari ərizə vermişdir. Lakin onu aldatmışlar, həmin pulu ona ödəməmişlər. Borclu həbsdən çıxdıqdan sonra yalnız bir həftə birlikdə yaşamışlar. Lakin yenə ailəsinə baxmamışdır. Borcluya 3560 manat pulun ona ödənilmədiyini bildirdikdə və həmin pulu tələb etdikdə pulunun olmadığını bildirərək ona ödəniş etməkdən imtina etmişdir. Hazırda hesablanmış borca həmin 3560 manat daxil edilməmişdir. Həmin məbləği nəzərə almadan hazırda ödənilməyən məbləğ 12800 manat təşkil edir. Borclu tikintidə briqdir çalışır, ev tikir. 1 evin tikilməsindən 1000 manata yaxın pul götürür. Lakin ailəsinə, uşağına baxmayaraq aliment ödəmir. Özü onkoloji xəstəlikdən əziyyət çəkir. Uşaqlardan biri epilepsiya xəstəsidir. Digərinin şəkəri var. Uşaqlarının maddi və mənəvi qayğılarını təkbaşına çəkmək çətindir. İcra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsini, bunu etmirsə borclunun barəsində ən ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4295/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4295/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclunun axtarışı haqqında 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən-icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, digər sübutlar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədləri üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Kənan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X9 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar