Məhkəmə qərarları › İş №3(008)-583/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-583/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-583/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Səfərəliyev Razi Əliağa oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində ünvansız evdə yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 25 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8209/2015 saylı qərarına əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay cəmi 216 manat məbləğində aliment X2 ödənilməsi qərara alınmışdır. Hazırda ödənilməmiş aliment borcu 4796 (dörd min yeddi yüz doxsan altı) manat təşkil edir. Borclu icra sənədi üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin borc məbləğinin 3500 manat hissəsi ilə bağlı Şəxs barəsində CM-nin 306-cı maddəsi ilə məhkəmə hökmü çıxarılmış, qalan 1296 manat borc məbləği isə 2022-ci ilin avqust ayından sonrakı dövr üçün olan borcdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən ondan iki uşağın saxlanması üçün hər ay cəmi 216 manat məbləğində aliment X2 ödənilməsi qərara alınmışdır. Hazırda ödənilməmiş aliment borcu 4796 (dörd min yeddi yüz doxsan altı) manat təşkil edir. Alimenti ödəyə bilmədiyinə görə Sabunçu rayon məhkəməsi tərəfindən 2019-cu ildə CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, imkanı olduqda həmin borc məbləğini hissə hissə ödəmiş, bir müddətdir işsiz olması səbəbindən alimenti ödəyə bilməmiş, hazırda yeni işə düzəlmiş, əmək haqqı alaraq alimenti ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay cəmi 216 manat məbləğində aliment ona ödənilməsi qərara alınmışdır. Şəxs aliment borcunu ödəmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan Şəxs hissə hissə olaraq müxtəlif məbləğlərdə ödəniş etmiş, yaxud onun işlədiyi mağazaya gedərək hər ay aliment məbləğində ərzaq götürmüşdür. Hazırda aliment borcunun ödənilməsi barədə Şəxs ilə razılığa gəlmiş, ona qarşı şikayəti yoxdur, xahiş edir ki, inzibati protokol üzrə icraata xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8209/2015 saylı qərarına əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay cəmi 216 manat məbləğində aliment X2 ödənilməsi qərara alınmış, hazırda ödənilməmiş aliment borcu 4796 (dörd min yeddi yüz doxsan altı) manat təşkil edir. icraata başlama haqqında 15 may 2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8209/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs adına heç bir əmlak qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs ona olan aliment borcunun ödənilməsi barədə razılığa gəlmiş, ona qarşı şikayəti yoxdur, ərizəsinin nəzərə alınmasını, inzibati protokol üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X2 aliment borcunun ödənilməsi barədə razılığa gəlmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur, ərizəsinin nəzərə alınmasını, inzibati protokol üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə olan borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8209/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında 15 may 2017-ci il tarixdə qəbul edilmiş, Şəxs tərəfindən indiyənədək icra sənədinə əsasən təyin edilmiş alimentdən müxtəlif tarixlərdə X1 xeyrinə ödənişlər edilmişdir. Zərərçəkmiş şəxs X4 ərizə verərək hazırda aliment borcunun ödənilməsi barədə Şəxs ilə razılığa gəldiyini, ona qarşı şikayəti olmadığını, inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarında olan elektron çıxarışlardan görünür ki, Şəxs icra sənədi üzrə borcun yönəldilə biləsi heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar