Məhkəmə qərarları › İş №3(008)-5865/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5865/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5865/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs Sleyman oğlu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin 17 may 2024-cü il tarixli 3-17-5/2-30133/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin 17 may 2024-cü il tarixli 3-17-5/2-30133/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. 18 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şəxs Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında xx.xx.2024-cü il tarixdə saat 11:10-da X1 və digər bir nəfər əmək müqaviləsi və ya mülki müqavilə olmadan işlərin yerinə yetirilməsinə görə İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 4700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidməti tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli 3-17-5/2-30133/2024 nömrəli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şəxs əmək haqqından hər ay 50% olmaqla 4700 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 03 gün ərzində Xidmətə yazılı formada məlumat verməyi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verməyinizi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günüdək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümükünsüzlüyünün səbəblərini elə cə də ödəmə olmuşdursa bu barədə müvafiq qeyd aparılmaqla inzibati cərimə barədə qərarın surətini Xidmətə qaytarmağı, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 1(011)-218/2023 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 il müddətinə tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı X3 Müəssisəsinin 12 mart 2024-cü il tarixli 3-16-17/44/2/79/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş Şəxs xx.xx.2024-cü il tarixdən Ədliyyə Nazirliyi Penitensira Xidmətin 2 saylı MTCM-də cəza çəkir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, İXM-nin 529.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, elektron məhkəmə sistemindən əldə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 1(011)-218/2023 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 il müddətinə tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı X3 Müəssisəsinin 12 mart 2024-cü il tarixli 3-16-17/44/2/79/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş Şəxs xx.xx.2024-cü il tarixdən Ədliyyə Nazirliyi Penitensira Xidmətin 2 saylı MTCM-də cəza çəkir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin 17 may 2024-cü il tarixli 3-17-5/2-30133/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməməsi qeyd edilsə də, barəsində protokol tərtib edilmiş şəxs Şəxs həmin dövrdə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş, qərarın icrası ilə bağlı tədbirlərin görülməsi onun imkanı xaricində olmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru barəsində, yəni vəzifəli şəxs barəsində tərtib edilmişdir. Lakin, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 1(011)- 218/2023 saylı hökmündən görünür ki, Şəxs 02 il müddətinə tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Göründüyü kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 1(011)-218/2023 saylı hökmü qanuni qüvvəyə minərək icraya yönəldiyindən və hökmə əsasən 02 il müddətinə tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilmiş Şəxs vəzifəli şəxs kimi öz səlahiyyətlərini icra edə bilməzdi. Beləliklə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar