Məhkəmə qərarları › İş №3(008)-5871/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5871/2025

04.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5871/2025 04.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əvsər Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 04 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş Şəxs 03 oktyabr 2025-ci il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Eyni zamanda 04 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 03 oktyabr 2025-ci il tarixdə 12-ci PŞ-yə dəvət olunan zaman polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 hər iki protokolun məzmununa uyğun çıxış edərək protokjolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, yoldaşı ilə boşanma ərəfəsindədir və ona görə də aralarında tez-tez söz-söhbət olur. Lakin artıq bunlara dözə bilməmiş və özündən çıxaraq nalayiq ifadələr işlətmişdir. Lakin daha sonra əməlindən peşman olmuşdur. Həmçinin o bildirmişdir ki, o ailəsi ilə əlaqə saxlamaq üçün telefonu vermək istəməmişdir və ona görə də polis tələblərinə riayət etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi Yunis Ələsgərova ünvanlanmış 03 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində vətəndaş X1 şikayəti əsasında Şəxs 12-ci PŞ-yə dəvət edilən zaman polisin qanuni tələblərinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Ona görə də həmin şəxs barəsində qanuni tədbirlərinin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsiri Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 03 oktyabr 2025-ci il tarixdən, saat 16:00-dan hesablanması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 oktyabr 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar