Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5881/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 30 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 30 sentyabr 2025-ci il tarixdə, saat 13:10-da aparılan planlı yoxlama zamanı diş texniki X1 fəaliyyət göstərdiyi aşkar edilmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, tərtib edilmiş protokol tamamilə əsassızdır. X6 əvvəllər müəssisədə diş texniki vəzifəsində çalışmışdır. Lakin, diş texniki vəzifəsində fəaliyyət göstərmək üçün müvafiq sertifikasiya tələb olunduğundan, 2024-cü ilin dekabr ayında X6 əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək haqqısı saxlanılmaqla 6 ay müddətinə kursa cəlb edilmişdir. Buna baxmayaraq, ailə problemləri səbəbindən o, həmin kurslarda iştirak etməmişdir. Bundan əlavə, 6 aylıq müddətin başa çatmasına və həmin dövrdən sentyabr ayınadək X6 işə çıxmamasına baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi humanistlik nümayiş etdirərək onu işdən azad etməmişdir. 09 sentyabr 2025-ci il tarixdə X6 MMC-yə ərizə ilə müraciət edərək diş texniki vəzifəsindən cilalayıcı vəzifəsinə keçirilməsini xahiş etmişdir. Müraciəti nəzərə alınaraq o, müvafiq əmrlə cilalayıcı vəzifəsinə keçirilmişdir. Cilalayıcı vəzifəsinin icrası protezin səthinin hamarlanması, cilalama prosesində istifadə olunan alətlərdən düzgün istifadə olunması və protezin formasının dəyişdirilməməsinə nəzarət edilməsindən ibarətdir. Bu işlərin görülməsi üçün xüsusi sertifikasiya tələbi mövcud deyildir. Yoxlamanın aparıldığı müddətdə X6 ümumiyyətlə müəssisədə olmamışdır. Yoxlama dövründə onun iş yerində faktiki iştirak etməməsi, həmin müddət ərzində ona qarşı hər hansı pozuntu ittihamının irəli sürülməsini əsassız edir. X3 tutduğu cilalayıcı vəzifəsi xəstə ilə birbaşa təmas tələb edən fəaliyyət sahəsi deyildir. Onun gördüyü iş yalnız protezlərin səthinin hamarlanması və texniki cilalanması ilə məhdudlaşır və pasiyentlərlə görüş, ünsiyyət və ya hər hansı tibbi müdaxilə ilə bağlı öhdəlik nəzərdə tutmur. Bu hallar birlikdə götürüldükdə, tərtib edilmiş protokolun faktiki vəziyyətə uyğun olmadığı, hər hansı hüquqi və ya faktiki əsasa söykənmədiyi açıq şəkildə görünür. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İnzibati xəta haqqında 30 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 30 sentyabr 2025-ci il tarixdə, saat 13:10-da aparılan planlı yoxlama zamanı diş texniki X1 fəaliyyət göstərdiyi aşkar edilmişdir. 30 sentyabr 2025-ci il tarixli, T-351 saylı “planlı (növbəti) yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 30 sentyabr 2025-ci il tarixdə, saat 13:10-da aparılan planlı yoxlama zamanı diş texniki X1 fəaliyyət göstərdiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X7” X10 3-28-1/3-2-1112/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 29 sentyabr 2025-03 oktyabr 2025-ci il tarixlərində planlı yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X7” X10 3-28-1/2-30746/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli bildirişindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 sentyabr 2025-03 oktyabr 2025-ci il tarixlərində planlı yoxlamanın aparılmasına dair bildiriş göndərilmişdir. 12 sentyabr 2025-ci il tarixli, 7 nömrəli əmrin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində diş texniki X6 cilalayıcı vəzifəsinə keçirilmişdir. 12 sentyabr 2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində cilalayıcı vəzifəsinə qəbul edilib. 17 oktyabr 2025-ci il tarixli Diş Protezi cilalayıcısının vəzifə borclarına dair arayışdan görünür ki, diş protezi cilalayıcısı hazırlanmış metal, akril və digər materiallardan olan diş protezlərini qəbul edir və cilalama üçün ilkin yoxlamadan keçirir. O, protezin səthindəki çatlar, kəskin kənarlar və kobudluqları müəyyən edərək aradan qaldırır. Cilalama prosesində əvvəlcə qaba, sonra isə incə abraziv alətlər və pastalardan istifadə edərək səthi hamarlaşdırır və parıldadıcı pastalarla son cilalama aparır. İş zamanı protezin forma və ölçülərinin dəyişməməsinə nəzarət edir. Cilalama motoru, disk, fırça və digər mexaniki avadanlıqlardan təhlükəsiz və düzgün istifadə edir, onların texniki vəziyyətini, təmizliyini və işləkliyini qoruyur. Fərdi qoruyucu vasitələrdən — maska, eynək və əlcəkdən istifadə edir, iş masasını və alətləri hər günün sonunda təmizləyir və dezinfeksiya edir, həmçinin laboratoriyanın gigiyena və təhlükəsizlik qaydalarına əməl edir. Sonda hazır protezin səth keyfiyyətini yoxlayaraq laboratoriya texniki rəhbərinə təqdim edir və lazım gəldikdə görülmüş işlərlə bağlı hesabat verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 fəaliyyəti, tutduğu vəzifə və yoxlama zamanı faktiki mövqeyi inzibati xəta tərkibinin yaranmasına imkan vermir. O, müəssisədə əvvəl diş texniki vəzifəsində çalışmış, lakin həmin vəzifə üzrə sertifikasiya tələb olunduğundan 2024-cü ilin dekabr ayında əmək qanunvericiliyinə uyğun olaraq 6 ay müddətinə kursa cəlb edilmişdir. Ailə vəziyyəti ilə əlaqədar kurslarda iştirak etməsə də, müəssisə rəhbərliyi onu işdən azad etməmiş, əksinə 9 sentyabr 2025-ci il tarixli ərizəsinə əsasən cilalayıcı vəzifəsinə keçirmişdir. Cilalayıcı vəzifəsi yalnız protezlərin texniki işlənməsi, səthinin hamarlanması və cilalanması ilə məhdudlaşan, pasiyentlə təmas, tibbi müdaxilə, diaqnostika və ya kliniki prosedur tələb etməyən qeyri-tibbi fəaliyyətdir. Azərbaycan Respublikasında qüvvədə olan normativ aktlarda xüsusilə “Tibb işçilərinin sertifikasiyası Qaydaları”nda sertifikat tələb olunan vəzifələr siyahısında cilalayıcı peşəsi nəzərdə tutulmamışdır və bu vəzifə tibbi işçi kateqoriyasına daxil edilmir. Yoxlama zamanı X3 ümumiyyətlə müəssisədə olmaması onun faktiki olaraq heç bir fəaliyyət göstərmədiyini və sertifikatsız işləmə iddiasının sübut olunmadığını göstərir. Ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş hüquqi şəxsin həqiqətən İXM-nin 215.4-cü maddəsində qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı sübutetmə yükünü icra etməmişdir. Belə ki, səlahiyyətli orqan yalnız inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə göndərməklə kifayətlənmiş, X1 diş texniki fəaliyyətini həyata keçirməsini hər hansı sübutlarla, şahid ifadələri və ya digər üsul və vasitələrlə sübuta yetirməmişdir. Yalnız protokola əlavə olunmuş 2025-ci ilin sentyabr ayı üçün əmək haqqının hesablanması cədvəlində X2 vəzifəsi hissəsində “diş texniki” qeyd olunmuşdur ki, yalnız bu şəxsin diş texniki fəaliyyəti ilə məşğul olduğunu şübhəsiz demək üçün yetərli deyildir. Çünki, iş materiallarından da görünür ki, X5 12 sentyabr 2025-ci il tarixdə cilalayıcı vəzifəsinə keçirilmişdir. Bütün eyd olunanlar nəzərə alınmaqla, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin isə öz təqsirsizliyini sübut etmək vəzifəsi olmadığından məhkəmə hesab edir ki, məhkəməyə təqdim olunmuş materiallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün yetərli deyildir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə əsasən Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məhkəməyə təqdim olumuş sənədlər və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X4, iş yeri 6 ay müddətinə saxlanılmaqla möhlət verilməsi, sertifikasidan keçmədiyinə görə onun işə buraxılmaması nəzərə alınmamış, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlama həyata keçirildiyi zaman X3 müvafiq sertifikasiyadan keçməmiş praktik tibb fəaliyyəti göstərməsi qeyd edilsə də həmin şəxs faktiki olaraq həmin vaxt tibb müəssisəsində olmamışdır. Yəni həmin vaxt onun tərəfindən praktik tibb fəaliyyəti göstərməməsi işin mübahisəsiz halıdır. Bunun əksini sübut edən hər hansı hal yoxdur. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi o, vaxt yarana bilərdi ki, onun əməlində dispozisiya şərtlərinin bütün əlamətləri mövcud olmuş olardı, konkret olaraq “qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması” halı (həmin şəxsin həqiqətən tibb fəaliyyəti ilə məşğul olmasının sübut edilməsi) mövcud olmuş olardı və bu hal iş materialları ilə öz təsdiqini tapmış olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilənvə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən inzibati xəta törədilmədiyindən sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5881/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5881/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver