Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5890/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Xanlar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 19 oktyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2022 saylı, 25 may 2022-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə Şəxs X2 xeyrinə 18 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat olmaqla alimentin tutulması qət edilmiş, alimentin tutulmasının əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu tələbkarın istəyi ilə tərtib etdiyini, icra sənədinin onun icraatına qısa müddətdir ki, daxil olduğunu, Şəxs 01 aydır ki, işləməyə başladığını, onun tərəfindən bu gün 200 manat məbləğində ödəniş edildiyini qeyd edərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru tələbin könüllü icrası barədə bildirişin borcluya çatmasını təsdiq edən rəsmi sənədin olmadığını, icra işinin qısa müddət öncə Göygöl rayon icra və probasiya şöbəsindən onun icraatına daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Alimenti hissə-hissə ödəməyə hazırdır. Bu günədək icra vərəqəsindən və məhkəmə qətnaməsindən icrasından xəbəri olmamışdır. İcra tələbinin könüllü icrası barədə bildiriş ona təqdim edilməmişdir. Heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, hər hansı sənəd və ya çağırış almadığından bu günədək icra şöbəsinə yaxınlaşmamışdır.O, yeni işə başlamış və bu gün icra şöbəsində 200 manat məbləğində aliment ödənişini icra məmuruna təqdim etmişdir. Qısa zaman ərzində 698 manat alimnet borcunu tam olaraq ödəyəcək. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, heç vaxt icra şöbəsindən hər hansı sənəd almamış, qətnamənin icraya yönəldilməsindən ümumiyyətlə xəbəri olmamış, ilk dəfə olaraq bü gün icra şöbəsinə gəldiyini, daha öncə isə Göygöl icra şöbəsinə heç vaxt dəvət edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2022 saylı, 25 may 2022-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə Şəxs X2 xeyrinə 18 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat olmaqla alimentin tutulması qət edilmiş, alimentin tutulmasının əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. “İcraata başlama haqqında” 08 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2022 saylı, 25 may 2022-ci il tarixli, 2(039)-3516/2017 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli izahatdan görünür ki, o, icra məmurunun sualına cavab olaraq sürücü kimi yeni işə başladığını və yükdaşıma fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icra yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin Şəxs tərəfindən alınmasına, onun ümumiyyətlə qətnamənin icraya yönəldilməsindən xəbərdar olmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığını və ümumiyyətlə məhkəmə qətnaməsinin icraya yönəldilməsindən xəbərinin olmadığını, icra məmuru isə icra sənədlərinin qısa müddət əvvəl onun icraatına daxil olduğunu və ilk dəfə olaraq şəxsin bu gün Sabunçu rayon icra şöbəsinə dəvət olunaraq izahatının alındığını bildirmişdir. Bununla yanaşı, iş materiallarına 09 sentyabr 2022-ci il tarixli, 129525/2022-4-33-002 saylı xəbərdarlıq məktubu əlavə edilsə də, həmin xəbərdarlığın borcluya rəsmi qaydada təqdim edilməsini sənəd edən hər hansı sənəd iş materiallarında mövcud deyil. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, bu gün borclu tərəfindən aliment borcundan 200 manat məbləğində pul vəsaiti icra məmuruna təqdim edilmişdir ki, bu da borclunun icra sənədindən məlumatı olan vaxtdan icra sənədinin icra olunması üçün addım atmasına, onun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınmasına dəlalət edən hallardan biri kimi qiymətləndirilir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığını və ümumiyyətlə məhkəmə qətnaməsinin icraya yönəldilməsindən xəbərinin olmaması öz təsdiqini tapmışdır ki, bu da Şəxs əməlində inzibati xəta tərkibinin olmasını istisna edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2022 saylı, 25 may 2022-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 05 aya yaxın müddət keçmiş, lakin icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5890/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5890/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver