Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5890/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Həmin qərarda göstərilmişdir ki, o, 12 sentyabr 2025-ci il tarixində saat 09:32-də Bakı şəhəri Nizami (Maştağa), GPS koordinatları: 40.5309685, 49.992928 ərazidə, idarə etdiyi VAZ-21120 markalı, 50EB540 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, işıqforun qadağanedici siqnalı və üç nizamlayıcının müvafiq qadağanedici işarəsi olmasına baxmayaraq, hərəkətinə davam etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, hesab edir ki, həmin inzibati tənbeh vermək haqqında qərar qanunsuz və əsassızdır. Qərarda göstərilən faktlar və vaxt dəqiq müəyyən edilməmiş və obyektiv sübutlarla təsdiqlənməmişdir. O, idarə etdiyi VAZ-21120 markalı, 50EB540 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə gedən yolda, MTS adlanan ərazidə yeni qoyulmuş yolayrıcında hərəkət etmişdir. O, öz yolunda işıqforun yaşıl işığı zamanı yolayrıcını keçərək düzünə hərəkətini davam etdirmişdir. Həmin zaman MTS ərazisində Namiq adlı DYP əməkdaşı onu saxlamış və bildirmişdir ki, o, işıqforu sarı işığında keçmişdir. O, etiraz edərək, yolu keçərkən işıqforun onun üçün yaşıl işıq göstərdiyini bildrimiş və ola bilsin digər istiqamətə sarı işıq yanıb, lakin bu onun hərəkətinə aid olmadığını qeyd etmişdir. Yol polis əməkdaşı onun razılığı olmadan protokol tərtib edəcəyini bildirmiş, lakin həmin protokolu ona təqdim etməmişdir. Oradan getdikdən sonra protokolda heç bir sarı işıqla bağlı qeyd edilməmiş və protokolu görməmişdir. Qərarda, onun işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi olarkən hərəkətini davam etdirdiyi göstərilmişdir. O, bu iddianı tamamilə yalan hesab edir. O, uzun müddətdir avtomobil idarə edir və diqqət yetirdiyi əsas prinsiplərdən biri işıqforun qırmızı işığını gözləmək olmuşdur. Əgər həmin vaxt işıqforda sarı və ya qırmızı işıq yanmış olsaydı, dərhal hərəkətini dayandırardı. Buna baxmayaraq, yol polis əməkdaşı heç bir qanuni əsas olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Həmin işıqforun necə işlədiyini göstərə bilmək üçün daha sonra həmin işıqforun işıqlarının yanma ardıcıllığını videoya çəkərək məhkəməyə təqdim etmişdir. O, öz yolunda işıqforun yaşıl işığında hərəkətini davam etdirdiyi halda, yəni onun hərəkətində inzibati xəta olmadığı halda, yol polis əməkdaşı qanunsuz və əsassız olaraq barəsində inzibati protokol tərtib etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 tərəfindən qedy alınmış inzibati xətanın törədildiyi yerə dair videogörüntüdən görünür ki, yol-nəqliyyat infrastrukturunun tələblərinə uyğun olaraq, qeyd olunan yol ayrıcında eyni dayaq konstruksiyası üzərində iki müxtəlif hərəkət istiqamətini tənzimləyən nəqliyyat işıqforları quraşdırılmışdır. Həmin işıqforlar hərəkət hissələrinin müstəqil təşkilini təmin etmək məqsədilə bir-birindən asılı olmayan işıq siqnalları rejimində fəaliyyət göstərir. Bunun nəticəsi olaraq, bir istiqamət üzrə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran qırmızı işıq siqnalı tətbiq edildiyi vaxt, digər istiqamət üzrə hərəkətə icazə verən yaşıl işıq siqnalı eyni anda yanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yol ayrıcında quraşdırılmış işıqforların texniki tələblərinə əsasən, eyni dirək üzərində bir neçə hərəkət istiqamətini tənzimləyən işıqforların yerləşdirilməsi mümkün olsa da, hər bir işıqfor yalnız özünə aid olan hərəkət hissəsi və istiqaməti üçün məcburi göstəriş xarakteri daşıyır. Bu prinsip Azərbaycan Respublikasının “X5” Qanunundan və X3 (YHQ) ümumi tələblərindən irəli gəlir. Hər bir sürücü yalnız öz hərəkət istiqamətinə aid olan işıqforun siqnalına riayət etməlidir. Eyni dirəkdə bir neçə işıqforun yerləşdirilməsi, onların eyni vaxtda müxtəlif siqnallar verməsi, qarşılıqlı əlaqəsiz (müstəqil) işləməsi həmin qaydanın pozulması hesab edilmir. Məhkəmə hesab edir ki, X1 hərəkət etdiyi istiqamətə aid işıqfor yaşıl siqnal verib. Eyni dirəkdə yerləşən ikinci işıqfor başqa bir yol hərəkəti hissəsi/rejim/istiqaməti üçün nəzərdə tutulub. Digər istiqamət üzrə qırmızı siqnalın yanması sürücüyə aid deyil və onun hərəkətinə tətbiq oluna bilməz. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məluatlarndırıldığı halda məhkəmə iclasına gəlməmiş, inzibati tənbehin əsası olan heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, X1 hərəkətlərində İXM-nin 327.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5890/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5890/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver