Məhkəmə qərarları › İş №3(008)-5907/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5907/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5907/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru Fuad Qazıyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* №li, 08 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru Fuad Qazıyev bildirmişdir ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Aparılmış söhbət zamanı onun narkotik vasitədən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından, həmin şəxs profilaktik məqsədlə aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmişdir. Müayinə nəticəsində onun narkotik vasitədən istifadə etdiyi faktı müəyyən edilmişdir. Faktla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, böyrək xəstəliyindən əziyyət çəkir, amma dializ olunmur. Bədənində olan ağrılarla bağlı ayda 1-2 dəfə narkotik vasitə marixuanadan istifadə edir. 08 oktyabr 2025-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Aparılmış söhbət zamanı onun narkotik vasitədən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından, profilaktik məqsədlə aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmişdir. Müayinə nəticəsində onun narkotik vasitədən istifadə etdiyi faktı müəyyən edilmişdir. Müayinə nəticəsində onun narkotik vasitədən istifadə etdiyi faktı müəyyən edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş MN seriyalı ******* №li, 08 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA 016999 nömrəli, 08 oktyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə, saat 04:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 6223 nömrəli, 08 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Şəxs götürülmüş müayinə zamanı MET (+), MOP (+), THC (+) və AMP (+) aşkar olunmuşdur. Şəxs opoidlərin, kannabinoidlərin və psixomulyatorların birgə qəbulu nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi 6223 nömrəli, 08 oktyabr 2025-ci il tarixli Ambulator X1 rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Eyni zamanda inzibati qaydada həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni 08 oktyabr 2025-ci il tarixdən,saat 04:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 08 oktyabr 2025-ci il tarixdən, saat 04:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar