Məhkəmə qərarları › İş №3(008)-5909/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5909/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5909/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 09 oktyabr 2025-ci tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzinin Ambulotor məcburi narkoloji tibbi yoxlamanın rəyinə əsasən Şəxs sidiyindən PGB(+) olan maddə aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Əsəblərindən müalicə aldığı üçün həkim tərəfindən yazılmış resept əsasında aptekdən aldığı preqabalin adlı dərman qəbul edir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki: “İnzibati qaydada tutma haqqında” 07 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair 08 oktyabr 2025-ci il tarixli, 6227 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profiklaktik qeydiyyata alınması məsləhət görülür. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X10 həkimi X6 tərəfindən pasiyent Şəxs yazılmış xx.xx.2025-ci il tarixli Elektron Reseptdən görünür ki, Şəxs dərman vasitəsi Preqabalindən (kapsul, blister №56) gündəlik yeməkdən sonra, yatmazdan əvvəl 30 gün istifadə etməsi göstərilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin yaranması üçün, təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlər onun tərəfindən törədilməli idi. Yəni başqa sözlə desək onun hərəkətlərində qanunsuz olaraq narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmə halları olmalı idi. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair 08 oktyabr 2025-ci il tarixli, 6227 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Bu hal Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı və məhkəməyə təqdim etdiyi həkim reseptləri ilə təsdiq olunur. Belə olduğu halda məhkəmə hesab edir ki, preqabalin – güclü təsir edən dərman preparatı olsa da, narkotik vasitələrə və psixotrop maddələrə aid olmadığından, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar