Məhkəmə qərarları › İş №3(008)-5932/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5932/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5932/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 22 may 1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsi, ev 28 A-da yaşayan-X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daşkəsən RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daşkəsən RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, hadisə xx.xx.2025-ci il tarixində Daşkəsən- Xoşbulaq yolunun 6-cı km-də **-RA-*** qeydiyyat nişanlı TOYOTA RAV-4 minik avtomobilində hərəkətdə olarkən barəsində elektron protokol tərtib edilərək 100 manat miqdarında cərimə olunmuşdur. İnzibati xəta ilə razı olmadığı üçün barəsində protokol tərtib edilmiş, işə baxılması üçün onu xx.xx.2025-ci il tarixində Daşkəsən RPŞ-nin DYPBin 2 saylı otağına gəlməsi qeyd edilmişdir. Bakı şəhərində yaşadığı üçün gedib iştirak edə bilməmiş, amma bildirişdə göstərilən nömrə ilə telefon əlaqəsi saxlayaraq hadisəni izah etmiş, ona bildirmişlər ki, inzibati xətanı təsdiq edən foto və video sübut var. Barəsində qərar qəbul edilərək, cərimə qüvvəsində saxlanılmışdır. Qeyd edilən qərarla razı deyildir, inzibati xəta pozuntusuna yol verməmiş, bundan əlavə elektron kabinetdəki protokol və ya qərara inzibati xəta törətdiyini əks etdirən heç bir fotoşəkil və ya digər sübut əlavə edilməmişdir. Bu səbəbdən də barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağına dair Daşkəsən RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, şikayətinə uyğun izahat verərək qayda pozmadığını, əgər pozmuşdursa bununla bağlı ona hər hansı bir sübut təqdim edilməsini xahiş etmiş, lakin Daşkəsən RPŞ-nin DYPİ-nin əməkdaşları tərəfindən hər hansı sübut təqdim etməmişdir. Həmin ərazi elə bir relyefə malikdir ki, polis əməkdaşı vizual olaraq da onu görə bilməzdi, yalnız ehtimallar əsasında onu saxlamışdır. Məhkəmədən qərarın ləğv olunmasını və iş üzrə icraat xitam verilməsini xahiş edir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, yol polis əməkdaşının onu görməsi mümkün deyildir, sadəcə yolu yanından keçərkən maşının bulağın yanında olmuş və güman etmişdir ki, qayda pozuntusuna yol vermişdir. Sinə səs yazısından da görünür ki, o qayda pozuntusunu etiraf etməmiş, bu səbəbdən də barəsində protokol tərtib edilmişdir. Məhkəmənin əvvəlki iclasında Daşkəsən RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru X5 izahatında bildirmişdir ki, o xidməti maşında olarkən ərazidən keçərkən **- RA-*** qeydiyyat nişanlı TOYOTA RAV-4 minik avtomobilin yolun kənarında bulağın yanında dayandığını görmüşdür. Bulağın yanı yalnız düz xətt nişanı olmuş və həmin avto maşın geri qayıtması üçün düz xəttin tələblərini pozmadan dönməsi mümkün deyildir. Qayda pozuntusuna dair hər hansı video və foto görüntü mövcud olmasa da pozuntunu vizual olaraq aşkar etmişdir. Qərarı müdafiə edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, foto və ya video görüntü mövcud deyil, çünki pozuntunu vizual olaraq bilavasitə aşkar etmişdir. Yolun relyefi dağlıq olduğu üçün orada hər hansı TŞ kamera və ya digər xüsusi texniki vasitə mövcud deyildir. Həmin vaxtı avtomaşında olan hər hansı xüsusi texniki vasitə aktiv olmamışdır ki, pozuntunu aşkar edə bilsin. Pozuntu ilə şikayətçi razılaşmadığı üçün protokol tərtib etmiş, şikayətçi PŞ-nə dəvət edilmiş, gəlmədiyi üçün barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Daşkəsən RPŞ-nin DYPİ-nə məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daşkəsən RPŞ-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən RPŞ-nin DYPİ-nin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana(vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 45-2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri vasitəsilə və ya bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl “İCMAL” informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənir və ya nömrələnmiş blanklarda çap edilərək imzalanır. 126.2-ci maddəsinə görə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. X4 barəsində tərtib olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda düz xəttini tələblərinin pozulması qeyd edilsə də, buna dair hər hansı sübut (video, foto görüntülər) barəsində inzibati xəta haqqında şəxsə təqdim edilməmişdir. Təqdim edilmiş video görüntüdən görünür ki, yol patrul xidmətinin əməkdaşı X3 yaxınlaşaraq özünü təqdim edir, qayda pozuntusuna yol verdiyini qeyd edir, bulağın yanında yolun niyə məhz sağ kənarında deyil sol kənarında dayanması, Rasim Abdullanın relyefin buna yol verdiyi üçün dayanmasını bildirməsi, Rasim Abdullanın qayda pozuntusuna yol vermədiyini, razılaşmadığı üçün barəsində protokol tərtib edildiyi aşkar olunur. Belə ki, Daşkəsən RPŞ-nin DYPB yol patrul xidmətinin əməkdaşı qayda pozuntusunu yalnız vizual olaraq görməsini qeyd etmiş, buna dair hər hansı əlavə sübut olmadığını bildirmişdir. X4 ümumiyyətlə inzibati xəta pozuntusu ilə razılaşmayaraq qayda pozmadığını və əgər pozuntuya yol verilmişsə buna dair sübutların təqdim edilməsini bildirmişdir. Məhkəmə hesab edir ki, Daşkəsən RPŞ-nin DYPB yol patrul xidmətinin əməkdaşı qayda pozuntusunu yalnız vizual olaraq görməsini qeyd etsə də, onun hansı şəraitdə görməsi məhkəməyə aydın olmamışdır. Belə ki, izahatlardan da müəyyən olunur ki, hadisə xx.xx.2025-ci il tarixində Daşkəsən-Xoşbulaq yolunun 6-cı km-də baş vermiş, **-RA-*** qeydiyyat nişanlı TOYOTA RAV-4 minik avtomobilin geri qayıdarkən düz xəttin tələblərini pozması ehtimal əsasında müəyyən oluna bilməz. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Daşkəsən RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2025-ci il tarixli, TP7540364 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Daşkəsən RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar