Məhkəmə qərarları › İş №3(008)-5933/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5933/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5933/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Orucova Xalidə Şirin qızının iştirakları ilə, Orucova Xalidə Şirin qızının Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin EQ seriyalı, 3064647 nömrəli, 14 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Orucova Xalidə Şirin qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin EQ seriyalı, 3064647 nömrəli, 14 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14.09.2025-ci il tarixli, EQ 3064647 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi iddia edilmiş, həmin xətaya görə barəsində 40 (qırx) manat məbləğində pul cəriməsi və 2 (iki) bal tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalara əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 və 5.13 nömrəli yol nişanlarından 15 metr məsafədən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Onun həmin inzibati xətaya görə təqsirli bilinməsi əsassızdır. Pozuntu iddia edilən yer onun mülkiyyətində olan yaşayış evinin həyətinə daxil olan dəmir darvazanın qarşısıdır. Protokol tərtib olunan gün adət etdiyi qaydada evinə gələrkən nəqliyyat vasitəsini saxlamış, həyətə daxil olmaq üçün darvazanı açmaq məqsədilə avtomaşını həmin əraziyə yönəltmişdir. Bu zaman yoldan keçən Dövlət Yol Polisi patrul xidməti tərəfindən onun avtomaşını çəkilmiş və inzibati xəta törədilməsi iddiası ilə cərimə tətbiq edilmişdir. Onun təqdim etdiyi fotoşəkillər göstərir ki, əslində pozuntu iddia edilən ərazi onun mülkiyyətində olan yaşayış evinin həyətinə giriş darvazasının sərhəddinə bitişikdir. Həmin ərazidə quraşdırılmış dayanacaq köşkü və onun qarşısında sarı xəttlə çəkilmiş nişanlanma xətti qanunvericiliyə zidd olaraq yerləşdirilmişdir. Bu vəziyyət müraciət edən şəxsin mülkiyyət hüququndan istifadə etməsinə maneçilik törədir və onu həm maddi cəriməyə, həm də əsassız cərimə ballarına məruz qoyur. O, cərimə tətbiq edilməsindən dərhal sonra 102 Çağrı Mərkəzinə, həmçinin Dövlət Yol Polisi xidmətinin rayon və respublika idarələrinə zəng etməklə şikayətini bildirmişdir. Şikayət araşdırılaraq tədbir görüləcəyi bildirilsə də, DYP xidmətindən müraciət edən şəxs hər hansı bir rəsmi cavab ala bilməmişdir. Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elektron ünvanına rəsmi şikayət göndərmişdir. Həmin qurumun mütəxəssisləri yerində araşdırma aparmış və dayanacağın və nişanlanma xəttinin mövcud normativlərə uyğun olmaması faktını şifahi olaraq bildirmiş, rəsmi cavab veriləcəyi qeyd edilmişdir. Lakin bir neçə gün keçməsinə baxmayaraq, əsassız olaraq tətbiq edilmiş 2 inzibati bal və 40 manat cərimənin ləğvi təmin edilməmiş və aidiyyəti dövlət qurumlarından rəsmi cavab təqdim edilməmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən, avtomobil nəqliyyatının infrastruktur obyektlərinə avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil nəqliyyatı parkları, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri daxildir. Bu maddə qanunda istifadə olunan əsas anlayışları müəyyən edir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən avtomobil nəqliyyatının infrastruktur obyektləri sərnişin və yük daşımalarının yerinə yetirilməsinə, yol hərəkətinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər tələblərə cavab verməlidir. 6.5. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil nəqliyyatı parklarının, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsi və ya təyinatının avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, avtobus dayanacağı yerinin düzgün müəyyən edilməməsi səbəbindən o, əsassız olaraq İnzibati Xətalar Məcəlləsi üzrə cəriməyə məruz qalmışdır. Ən başlıcası, xüsusi mülkiyyətində olan yaşayış evinə giriş-çıxış imkanının məhdudlaşdırılması Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin səlahiyyətli nümayəndəsi və şikayət verən tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin səlahiyyətli nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin EQ seriyalı, 3064647 nömrəli, 14 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 005011006419-10301 nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 319A (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, giriş 325) ünvanında yerləşən fərdi yaşayış evi Orucova Xalidə Şirin qızına məxsusdur. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Orucova Xalidə Şirin qızının təqdim etdiyi fotoşəkillərdən görünür ki, əslində pozuntu iddia edilən ərazi Orucova Xalidə Şirin qızının mülkiyyətində olan yaşayış evinin həyətinə giriş darvazasının sərhəddinə bitişikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 14.09.2025-ci il tarixli, EQ 3064647 saylı qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ümumi istifadədə olan dayanacaq meydançalarında və ya 5.12 və 5.13 nömrəli yol nişanlarından 15 metr yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə inzibati məsuliyyət müəyyən edir. Lakin pozuntu iddia edilən ərazi Orucova Xalidə Şirin qızının mülkiyyətində olan yaşayış evinin həyətinə daxil olan darvazanın qarşısıdır və həmin şəxsin evinə giriş-çıxış məqsədilə avtomobilini saxlayaraq darvzanı açması və daha sonra avtomobili ilə öz həyətinə daxil olması onun mülkiyyət hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir. Qanunvericiliyə uyğun olaraq, şəxsin mülkiyyət hüququnun həyata keçirilməsi dövlət orqanlarının heç bir qanunsuz müdaxiləsinə məruz qala bilməz; yəni mülkiyyətə aid əraziyə giriş-çıxış üçün avtomobilin çox qısa müddətliyinə dayandırılması inzibati xəta hesab edilə bilməz. Orucova Xalidə Şirin qızı tərəfindən təqdim edilmiş fotoşəkillər və mülkiyyət hüququnu təsdiq edən çıxarışa görə, pozuntu iddia edilən ərazidə quraşdırılmış dayanacaq köşkü və sarı xəttlə çəkilmiş nişanlanma xətti qanunvericilik normativlərinə uyğun yerləşdirilməyib. Bu isə onun mülkiyyət hüququndan istifadə etməsinə maneçilik törədir və tətbiq olunan inzibati cəriməni əsassız edir. Orucova Xalidə Şirin qızı cərimə tətbiq edildikdən dərhal sonra 102 Çağrı Mərkəzi və Dövlət Yol Polisi idarələrinə şikayət edərək vəziyyəti izah etmişdir. Həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə rəsmi şikayət göndərilmiş və aparılmış yerində araşdırma nəticəsində nişanlanma xəttinin və dayanacaq köşkündəki pozuntuların mövcud olduğu təsdiqlənmişdir. Qanunda nəzərdə tutulduğu kimi, inzibati məsuliyyət üçün xətanın törədilməsi faktı və həmin şəxsin həmin xətaya aidiyyəti və təqsiri sübut olunmalıdır. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi haqqında 14.09.2025-ci il tarixli, EQ 3064647 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Orucova Xalidə Şirin qızının İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin EQ seriyalı, 3064647 nömrəli, 14 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar