Məhkəmə qərarları › İş №3(008)-5936/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5936/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5936/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Cavid Adilzadənin, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşayan-Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə daxil olmuş materiallardan görünür ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin baş təhqiqatçısı Müsəllim Müsəllimovun raportuna əsasən barəsində edilmiş şikayət ərizəsi əsasında Şəxs dəfələrlə şöbəyə dəvət edilsədə telefonda nalayiq ifadələr işlədərək polisin ünvanına təhqiramiz ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixdə eyni məsələ ilə bağlı şöbənin əməkdaşları Maştağa qəsəbəsində yerləşən “50 qəpik” restoranının qarşısında Şəxs yaxınlaşan zaman o səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla əl-qol hərəkətləri ilə danışaraq xırda xuliqanlıq etmişdir. Şəxs dəfələrlə intizama dəvət edilsə də, nalayiq ifadələr işlətməyə davam etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmayaraq Şöbənin inzibati binasına getməkdən imtina etmişdir. Çətinliklə də olsa Sabunçu RPİ-nin 14-cü PŞnə gətirilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru Cavid Adilzadə tərəfindən MN № ******* saylı, 15 oktyabr 2025-ci il tarixli və MN № ******* saylı, 15 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Cavid Adilzadə izahatında göstərmişdir ki, Şəxs 12 oktyabr 2025-ci il tarixdə axşam saat 23:00 radələrində Maştağa qəsəbəsində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla əl-qol hərəkətləri ilə danışaraq xırda xuliqanlıq etmişdir. Şəxs dəfələrlə intizama dəvət edilsə də, nalayiq ifadələr işlətməyə davam etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmayaraq Şöbənin inzibati binasına getməkdən imtina etmişdir. Raportla Şöbə rəisinə müraciət olunmuş həmin raport əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, səs-küy salmamışdır. Polis əməkdaşları ona şöbəyə getməli olduğunu dedikdə könüllü olaraq maşına əyləşərək onlarla birlikdə şöbəyə getmişdir. Özünü təqsirli bilmir. Barəsində tərtib edilmiş protokollarla razı deyil. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlər: 13 oktyabr 2025-ci il tarixli, AZA №018087 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 oktyabr 2025-ci il tarixdə saat 21:05-də inzibati qaydada tutulmuşdur. MN № ******* saylı, 15 oktyabr 2025-ci il tarixli və MN № ******* saylı, 15 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* və MN ******* saylı Qərardad. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin raportu. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsin dispozisiya şərtinə əsasən şəxsin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təqdim edilmiş protokolda polis işçilərinin qanuni tələblərinin nədən ibarət olması, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin hansı hərəkətlərlə polisin qanuni tələblərinə tabe olmaması, onun hərəkətlərində qəsdin nədən ibarət olması aşkar edilmir. Həmçinin İXM-nin 510-cu maddəsinin dispozisiya şərtinə əsasən şəxsin ictimai qaydanı pozan hərəkətlərin nədən ibarət olması protokoldan və məhkəmə iclasında müəyyən edilməmişdir. Göründüyü kimi, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə şahidlər gətirilməmiş, işin faktiki halları tam olaraq araşdırılmamış, heç bir kamera görüntüsü, audio yazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında sübutların təqdim edilməsi ilə bağlı təklif edilsə də, sübutlar məhkəmə iclasına təqdim edilməmiş, qanuni tələblərinə tabe olmayan polis əməkdaşları şahid qismində dəvət edilməmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməmişdir. İş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetmir və şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar