Məhkəmə qərarları › İş №3(008)-5961/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5961/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5961/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Şirinova Hicran Azər qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibat xəta haqqında MN ******* saylı, 21 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(008)- 2855/2021 saylı icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini son 04 ay ərzində ödəməmiş və nəticədə AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs son 04 aya qədər olan dövrdə aliment ödənişlərini tələbkara vermiş və həmin hal tələbkar tərəfindən də təsdiq edilmişdir. Lakin son 04 aydır ki, Şəxs hər hansı ödəniş həyata keçirməmiş və bunun səbəbi kimi tələbkarın uşaqların onunla görüşməyə icazə verməməsini göstərmişdir. Göstərilən hal icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin göstəricisidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, son 04 aya qədər uşaqlarının bütün ehtiyaclarını qarşılamış, keçmiş arvadının uşaqları ilə birlikdə yaşadığı evin kirayə puıunu da o, ödəmişdir. Lakin son 04 aydır ki, o, zərərçəkmiş şəxsə hər hansı ödəniş etməmişdir. Bunun səbəbi isə zərərçəkmiş şəxsin ona uşaqları ilə görüşməyə imkan yaratmaması olmuşdur. Uşaqları ilə görüşməsi məsələsi həll olunanadək o, alimenti ödəməyəcəkdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs hazırda və yaxın zamanda alimnent borcunu ödəməyəcəyini, onun uşaqları ilə görüşmək məsələsi həll edildikdən sonra aliment borcunu ödəyəcəyini bildirmişdir. Belə ki, onun uşaqlarla görüş günlərinin müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda zərərçəkmiş şəxs həmin qətnaməni icra etmir və və ona uşaqları ilə görüşməyə şərait yaratmır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs 04 aydır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ümumiyyətlə ödəmir. Nəticədə onun 1400 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda həmin borcun ödənilməsini tələb edir. Əks təqdirdə Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(008)-2855/2021 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə Şəxs 05 mart 2021-ci il tarixdən başlayaraq 09 iyul 2013-cü il təvəllüdlü X3 və 08 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində almentin alınaraq Şirinova Hicran Azər qızına ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 06 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs 27 avqust 2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, Şirinova Hicran Azər qızı boşandıqları tarixdən övladlarını ona göstərmədiyindən, onların necə qaldıqlarını və yaşadıqlarını bilmədiyindən, ona uşaqlarla ünsiyyət üçün şərait yaradılmadığından o, alimenti ödəməmiş, lakin uşaqlarına paltar, ərzaq almış və qızının hazırlıq pulunu ödəmişdir. Şəxs 21 oktyabr 2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında əvvəlki izahatında göstərdiyi halları təkrarlamış və eyni məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs aliment məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, alimentin ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə iclasında Şəxs məhkəmə qətnaməsini özü bilərəkdən icra etmədiyini bildirərək buna səbəb kimi zərərçəkmiş şəxsin ona uşaqları ilə görüşməyə imklan verməməsini göstərsə də, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ona uşaqları ilə görüşə imkan verməməsi və bu barədə qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsi şəxs tərəfindən başqa məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi üçün deyil, əksinə onun uşaqları ilə görüş günlərini və saatlarını müəyyən edən məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün müvafiq icra məmuruna müraciət etməsi üçün əsasdır. Hazırki halda Şəxs məhkəmə iclasında alimmenti ödəmək imkanının olduğu halda zərərçəkmiş şəxsin ona uşaqları ilə ünsiyyət saxlaması üçün şərait yaratmaması səbəbindən alimenti qəsdən ödəməməsini göstərməsi özü-özlüyündə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(008)-2855/2021 saylı icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsinə, zərərçəkmiş şəxslə aralarında olan şəxsi prinsiplər üzündən uşaqların saxlanması üçün qanunla müəyyən edilmiş alimenti ödəməməsinə dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini səmimi etiraf etdiyini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar