Məhkəmə qərarları › İş №3(008)-5963/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5963/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5963/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 13 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Zəngilan Rayon Məhkəməsinin 30 iyul 2020ci il tarixli, 2(034)-279/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 12 aprel 2004-cü il təvəllüdlü X3 və 27 oktyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 iyun 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 zərərçəkmiş şəxsin aliment borcunun ödənilməsini tələb etdiyini, icra sənədinin 2023-cü ilin fevral ayından Nizami icra və probasiya şöbəsindən ona daxil olduğunu, Şəxs həmin vaxtdan davamlı olaraq alimenti ödədiyini, cəmi son iki aydır ki, ödəniş etmədiyini, bunun səbəbi kimi işsiz olduğunu göstərdiyini, üzürlü səbəb olmadan icra sənədini icra etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır və mütəmadi olaraq hər ay aliment ödənişini etmişdir. Barəsində olan məhkəmə qətnaməsi onun iştirakı olmadan çıxarılmış və o, həmin qətnamədən barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilən zaman xəbər tutmuşdur. Lakin buna baxmayaraq hakim onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Həmin vaxtdan, yəni icra sənədindən məlumatı olduğu vaxtdan hər ay 340 manat alimenti və hissə-hissə borcundan ödəniş etmiş, 2023-cü ilin aprel ayında uşaqlardan biri 18 yaşına çatdığından hər ay mütəmadi olaraq 170 manat aliment ödənmişdir. Sonuncu ödənişi 2023-cü ilin iyul ayında etmişdir. O, əvvəllər aşpaz kimi işləmiş, son dövrlərdə isə xadimə işləyirdi. Lakin son iki aydır ki, işsizdir və iş tapa bilmədiyindən cəmi 2 ay alimenti ödəyə bilməmişdir. Yığılan borc isə onun icra vərəqəsindən xəbərinin olmadığı vaxtdan yığılmış borcdur. Həmin borcdan bacardığı qədər ödəniş etsə də, borcun tam ödəyə bilməmişdir. Hazırda işsizdir və himayəsində azyaşlı övladı var. Bu ayın sonundan yenidən ödənişləri etməyə davam edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(034)-279/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 12 aprel 2004-cü il təvəllüdlü X3 və 27 oktyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 iyun 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 23 sentyabr 2020-ci il il tarixli qərarın surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(034)-279/2020 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 13 oktaybr 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında icra sənədində xəbərdar olduğunu, lakin işləmədiyindən aliment borcunu tam məbləğdə ödəmədiyini, bu günədək 4000 manatdan artıq aliment ödədiyini qeyd etmişdir. Ödənişləri özündə əks etdirən qəbzlərdən görünür ki, Şəxs tərəfindən hər ay zərərçəkmiş şəxsə aliment ödənişi köçürülmüş, sonuncu ödəniş isə 21 iyul 2023-cü il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini son iki ay istisna olmaqla zərərçəkmiş şəxsə ödəməsi, məhkəmə qətnaməsinin icraya yönəldiyi dövrədək isə toplanmış aliment borcundan hissə-hissə ödəniş etməsi, cəmi son iki aydır ki, işsiz qalması səbəbdindən alimenti ödəməməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini son iki aydır ki, ödəyə bilməmiş, həmin vaxtadək isə xadimə işləyərək hər ay vaxtlı-vaxtında icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği ödəmiş, bu günədək zərərçəkmiş şəxs tərəfindən hər hansı şikayət daxil olmamış və icra vərəqəsi Sabunçu icra və probasiya şöbəsinə daxil olduğu vaxtdan bu gün ilk dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun son iki ay istisna olmaqla işləyərək müətmadi aliment ödənişlərini düzənli ödəməsi, son iki aydır ki, işsiz olması səbəbindən aliment məbləğini ödəyə bilməməsi öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 03 ildən artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, bu səbəbdən işləməməsi, hər ay mütəmadi olaraq alimenti ödəməsi, cəmi iki aydır ki, işləməməsi səbəbindən ödəyə bilməməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar