Məhkəmə qərarları › İş №3(008)-5967/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5967/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5967/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Özbəkistan, Kaşkadərya vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X12 küçəsi ev 41 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-241/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5403/2025 saylı iş üzrə məhkəmə qərarını, icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etməmişdir. Belə ki, X5 uşağı xx.xx.2021-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günləri, saat 11:00-dan 19:00-a kimi cavabdehin iştirakı olmadan ünsiyyəti təmin olunmuş, qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etməmiş, uşaqla ünsiyyətə şərait yaratmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Uşaqla ünsiyyətə şərait yaratmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, tələbkar X9 axtarışda olduğundan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq bölməyə aparılmışdır, bu səbəbdən məhkəmədə iştirak edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, onun icra məmurunun qanuni tələblərini icra etməmək niyyəti yoxdur. O, uşağı ilə atasının görüşməsinə heç vaxt mane olmamışdır. Bilmişdir ki, X9 narkotik vasitələrin istifadəsi və kultivasiyası ilə məşğul olur, buna görə də uşağının atası ilə tək görüşməsindən bir ana kimi narahatlıq hissi keçirmiş, ona görə də müvəqqəti təminat tədbirinin ləğvi barədə məhkəməyə müraciət etmişdir. Sadəcə olaraq məhkəmə qərarından şikayət vermiş, lakin iş üzrə icraat dayandırılaraq Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın rəyinin alınması üçün iş materialları həmin orqana göndərilmişdir. Qərarın icrası uşaq xəstələndiyinə görə üzrlü səbəbdən təmin edilməmişdir. Son 21 gündür ki, uşaqda yüksək hərarət, qrip, boğaz ağrısı, ishal hallar olmuşdur. Bu hallara səbəb uşaq xx.xx.2025-ci il tarixdə velosiped sürərkən yıxılmış, sol qolu bilək və dirsək ağrısı qol sümüyü sınmışdır. Bu səbəbdən son həftələr görüş baş tutmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-241/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5403/2025 saylı iş üzrə qətnaməsi çıxarılana və qanuni qüvvəsini alanadək X5 uşağı xx.xx.2021-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günləri, saat 11:00-dan 19:00-a kimi cavabdehin iştirakı olmadan ünsiyyəti təmin olunmuş, qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. xx.xx.2025-ci il tarixdə “tələbin könüllü icrası haqqında” borcluya bildiriş göndərilmişdir. Qeyd edilən bildirişi Şəxs xx.xx.2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu xx.xx.1979-cu il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X12 küçəsi, ev 41 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan eilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-5403/2025 saylı qərarından görünür ki, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan müvafiq rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı X9 xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, o, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2025-ci il tarixli qərarına əsasən övladı ilə hər həftənin bazar günü saat 11:00-dan 19:00-a kimi qarşı tərəfin iştirakı olmadan övladı ilə görüş hüququna malikdir. Lakin həmin qərarın icrası bu günə kimi təmin eilməmişdir. Qarşı tərəf uşağın xəstə olduğunu bildirərək görüşə gətirməmiş və tibbi arayış təqdim etmişdir. Bu səbəbdən təqdim olunan tibbi arayışın doğruluğunun yoxlanması, uşağın faktiki sağlamlıq vəziyyəti ilə yerində tanış olması və icra məmurunun iştirakı ilə ünvanda baxış keçirilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda baxış zamanı iştirak etməyinə şərait yaradılmasını və görülən tədbirlər barədə akt tərtib edilməsini, arayışın surətinin ona göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 23 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qərarını icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etməməsi nəticəsində borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Təqdim edilmiş sənədlərdən xx.xx.2021-ci il təvəllüdlü X2 said sümüklərinin iki proyeksiyada R-qramması zamanı mil sümüyünün yuxarı və orta 1/3-nin xətti sınığı aşkar edildiyi, müalicə və nəzarət tövsiyyə olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunutörədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun və tələbkarın izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, tələbkarın ərizəsi ilə Şəxs əməlində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, onun icra məmurunun qanuni tələblərini icra etməmək niyyəti yoxdur. O, uşağı ilə atasının görüşməsinə heç vaxt mane olmamışdır. Bilmişdir ki, X9 narkotik vasitələrin istifadəsi və kultivasiyası ilə məşğul olur, buna görə də uşağının atası ilə tək görüşməsindən bir ana kimi narahatlıq hissi keçirmiş, ona görə də müvəqqəti təminat tədbirinin ləğvi barədə məhkəməyə müraciət etmişdir. Sadəcə olaraq məhkəmə qərarından şikayət vermiş, lakin iş üzrə icraat dayandırılaraq Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın rəyinin alınması üçün iş materialları həmin orqana göndərilmişdir. Qərarın icrası uşaq xəstələndiyinə görə üzrlü səbəbdən təmin edilməmişdir. Son 21 gündür ki, uşaqda yüksək hərarət, qrip, boğaz ağrısı, ishal hallar olmuşdur. Bu hallara səbəb uşaq xx.xx.2025-ci il tarixdə velosiped sürərkən yıxılmış, sol qolu bilək və dirsək ağrısı qol sümüyü sınmışdır. Bu səbəbdən son həftələr görüş baş tutmamışdır. Təqdim edilmiş sənədlərdən xx.xx.2021-ci il təvəllüdlü X2 said sümüklərinin iki proyeksiyada R-qramması zamanı mil sümüyünün yuxarı və orta 1/3-nin xətti sınığı aşkar edildiyi, müalicə və nəzarət tövsiyyə olunduğu qeyd edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Yuxanda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar