Məhkəmə qərarları › İş №3(008)-5975/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5975/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5975/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X6 Abdulqani (X9) oğlunun DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30467151 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X6 Abdulqani (X9) oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30467151 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Yeni Yasamal ərazisində avtomobilinə cərimə yazılmışdır. xx.xx.2025-ci ildə gecə saat 23:10 radələrində idarə etdiyi avtomobilin mühərriki tam sıradan çıxıb. O, məcbur qalaraq yol kənarında avtomobili tərk etməli olmuşdur. Cərimə yazılan gündə nəqliyyat vasitəsini evakuatorla Alatavada yerləşən servis mərkəzinə aparmışdır. Avtomobilin hələ də təmirdə olduğunu bildirmişdir. Məhkəmədən deyilənləri nəzərə almaqla EQ 30467151 nömrəli qərarın ləğv edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 Abdulqani (X9) oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, avtomobilin nasaz olduğunu təsdiq edən xx.xx.2025-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Avtomobilin motorunda problem olduğu üçün o, məcbur olub nəqliyyat vasitəsini icazə verilməyən yerdə saxlamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alıb qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 30467151 saylı protokol əsasında qəbul edilən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 15:25-də Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında “RENAULT MEGANE” minik markalı, **-LP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlığında durmasına görə AR İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xx-xx/2025 nömrəli aktdan görünür ki, X3 məxsus “Renault Megane” markalı, dövlət nömrə nişanı 99LP703, BAN nömrəsi VF1KM1R0A35800260 olan avtomobil müəssisənin ərazisinə dəymiş zərərin qiymətləndirilməsi üçün daxil olmuşdur. Müəssisənin ərazisində icarə müqaviləsi üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrinin təmiri ustası –motorist X4 tərəfindən motorunun ilkin müayinəsi ilə müəyyən olunmuşdur ki, motorda açılma olması səbəbindən yetərincə yağlanma getmədiyinə görə dəymiş zərərin bərpası üçün motorun üst başlığının, “vanos” və “rasprivalların” dəyişdirilməsinə ehtiyac vardır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən X7 (X9) oğlunun xx.xx.2025-ci il tarixdə “RENAULT MEGANE” minik markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanacaq meydançasında avtomobili saxlamasının səbəbi, avtomobilin nasaz olması səbəbindən dayandırıb-dayandırmaması, onun təqsirinin olub-olmaması müəyyən edilmədən, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, AR İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən inzibati xətadır. Həmin inzibati xəta ilə məsuliyyətin yaranması üçün şəxsin maddənin dispozisyasında qeyd edilən pozuntunun, yəni ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durmasının hüquqazidd xarakterini dərk etmiş olması, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş olması, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsinin müəyyən edilməsi zəruridir. Şəxsin nəqliyyat vasitəsini nasaz olması səbəbindən, yəni onun iradəsindən asılı olmayan səbəbdən dayandırması onun təqsirinin olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X7 (X9) oğlu barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 (X9) oğlunun şikayəti qismən təmin edilməli, onun barəsində AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30467151 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, Məhkəmə QƏRARAALDİ: X2 (X9) şikayəti təmin edilsin. X2 (X9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30467151 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar