Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5984/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində Y.Səfərov küçəsi ilə ona məxsus 77- VE-613 qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən YPX ekipajı tərəfindən saxlanılaraq yolayrıcına svetoforun qadağanedici işığında yolayrıcını keçmə iddiası ilə barəsindədə İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokol ilə razılaşmayaraq işə yuxarı səlahiyyətli vəzifəli şəxs tərəfindən baxılmasını tələb etmişdir. İXM-nin 124 və 112-ci maddələrinə əsasən sürücü protokol ilə razılaşmadıqda işə yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) baxmalıdır. Bunu nəzərə alaraq qayda pozuntusu olmadığını sübut edən materialları DİN BDYPİ-nə xx.xx.2025 tarixində onlayn təqdim etmişdir. Təəssüflər olsun ki, işə baxan vəzifəli şəxs prosedur qaydalarını pozaraq ona işin baxılması yeri və vaxtı haqqında məlumat vermədən və təqdim etdiyi materiallara baxmadan xx.xx.2025 tarixində qərar qəbul etmişdir. Həmin qərarın surəti İXM-nin tələblərinin ziddinə olaraq ona göndərilməyib və elektron kabinetinə də yerləşdirilməyib. DİN rəhbərliyinə ünvanladığı elektron məktub nəticəsində xx.xx.2025 tarixində həmin qərarın surətini elektron qaydada ala bilmişdir. Həmin qərardan Sabunçu Rayon Məhkəməsinə tərəfindən şikayət verilmiş və xx.xx.2025 tarixində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən işə baxılarkən hüquqları pozulmuş və təqsirini göstərəcək heç bir sübut təqdim edilməyib. Nəticə olaraq barəsində tərtib edilmiş qərar ləğv edilərək işə yenidən baxılması üçün BDYPİ-nə göndərilmişdir. (Qoşma 3) Bundan sonra BDYPİ-nə yazılı müraciət edərək işə onun iştirakı ilə, sübutlar təqdim edilməklə və ədalətli şəkildə baxılmağını tələb etsə də, ona məlumat vermədən, heç bir sübut təqdim etmədən, yenidən prosessual hüquqları pozulmaqla, iştirakı olmadan barəsində xx.xx.2025 tarixli TP ******* nömrəli qərar tərtib edilmişdir. Belə ki, mobil telefon nömrəsinin və elektron ünvanının olmasına baxmayaraq işin baxılması vaxtı və yeri barədə ona məlumat verilməyib. Yalnız sonrakı tarixlə poçt vasitəsi ilə, heç bir dəftərxana qeydiyyatı olmayan məktub göndərilib ki, guya işə baxılmaq üçün 15 sentyabr 2025 tarixinə qədər dəvət olunur. Halbuki həmin məktub ona 29 sentyabr tarixində çatmışdır (zərfin üzərindəki möhürdən xx.xx.2025 oxunur - bax qoşma 4). İşin halları ilə bağlı təqdim etdiyi sübutların hüquqi əsaslandırılması: Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinin 3-cü bəndinin 2-ci yarımbəndində qeyd edilmişdir : 2)yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər). Qeyd edilməlidir ki, yaşıl rəngli işığın yanıb- sönməsi sürücünün üzərinə sürətin azaldılması vəzifəsini qoymur və baxılan svetoforda rəqəmli tablodan istifadə edilmədiyindən qadağanedici siqnalın dəqiq nə vaxt yanacağını öncədən dəqiq hesablamaq mümkün deyil. Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinin 3-cü bəndinin 3-cü yarımbəndində qeyd edilmişdir: 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Yol hərəkəti haqqında qanunun 60-cı maddəsinin 4-cü bəndində qeyd edilmişdir: İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxan qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Yol hərəkəti haqqında qanunun 60-cı maddəsinin 2-ci bəndində qeyd edilmişdir: İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Baxılan yolayrıcında stop-xətt mövcuddur (Bax Foto1). Bu maddələrə əsasən svetoforun sarı işığı yandıqda sürücü stop-xəttə qədər olan məsafəni və həmin andaki sürətini nəzərə alaraq qərar verməlidir. Əgər kəskin tormozlamadan stop xəttində dayana bilməyəcəksə hərəkətini davam etdirməlidir. Çünki əks təqdirdə nəqliyyat vasitəsi yolayrıcında dayanaraq piyadalara və digər nəqliyyat vasitələrinə təhlükə törədə bilər. Foto-video materiallardan görünür ki, svetoforun sarı işığı saat 09:23:59 -da yanmışdır və həmin an mənim NV-n sürəti 38 km/saat təşkil edib. Stop -xəttə qədər olan məsafə (təqribən 5 metr) aydın görünür. (Bax: foto 1). Yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən icazə verilən tormoz yolu Tək nəqliyyat vasitələri: minik avtomobilləri və onların yükdaşıma üçün modifikasiyalan -12.2 (14.5m) Qeyd: 1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun quru üfiqi sahəsində və tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və mopedlər üçün isə saatda 30 kilometr olan halda aparılır. Bu müddəaların təhlili nəticəsində birmənalı olaraq sübut əldə edilir ki, svetoforun sarı işığı yandıqda, stop xəttindən 12,2 m-dən az məsafədə, saatda 40 km sürətlə hərəkət edən minik avtomobilinin kəskin tormozlamadan dayandırılması qeyri-mümkündür və qanunla hərəkətinə icazə verilir. Svetoforun sarı işığı yandıqda, stop xəttindən təqribən 5m məsafədə, saatda 38 km sürətlə hərəkət etdikdə təqdim etdiyi foto -video materialdan açıqca görünür. Belə halda yeganə qanuni və təhlükəsiz qərar sürəti artıraraq yolayrıcını tərk etməkdir ki, o da bunu etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, svetoforun qırmızı işığı yandıqda onun avtomobili artıq yolayrıcının ortasında ümümi nəqliyyat axını ilə birgə hərəkətdədir. Yəni heç bir digər yol hərəkəti iştirakçısına təhlükə törətmir. Bir halda ki, YPX ekipajının yerləşdiyi yerdən sözügedən svetoforu obyektiv vizual müşahidə aparmaq fiziki imkanı əsaslı şübhələr doğurur. (Bax: foto 2). Materialın sonunda barəsində əsassız tərtib edilmiş qərar inzibati xətanın olmaması səbəbindən ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək məhkəmədən Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yusif Səfərov küçəsində “BYD LEOPARD 5 PLUG-İN HİBRİD” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. AR DİN Baş X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hadisəni ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilərək inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilmişdir. Lakin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qərarda qeyd edilənlər göstərişlər nəzərə alınmadan, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, X1 iştirakı olmadan, ona məlumat verilmədən, izahatı alınmadan, onun təqdim etdiyi sübutlar tədqiq edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan başqa şikayətçi idarə etdiyi avtomobildə olan videogörüntülərə əsasən məsafə və sürət həddini göstərən fotoşəkillər və videogörünü təqdim etmiş, lakin qəbul edilən qərardan görünür ki, göstərilən hallarla bağlı hər hansı hesablama aparılmadan, həmin vəziyyətdə kəskin tormozlamaya yol verilib-verilməməsinin mümkünlüyü əsaslandırılmadan şəxsin barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 4-cü bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən yuxarıda göstərilən hallar üzrə, yəni şikayətçinin təqdim etdiyi videogörüntülərdəki rəqəm göstəricilərinə əsasən kəskin tormazlamaya yol verilib-verilməməsi, nəqliyyat vasitəsinin dayandıra bilib-bilinməsi kimi hallar üzrə şikayətçinin iştirakı təmin edilməklə tam, hərtərəfli, obyektiv araşdrıma aparılmalı, zərurət olarsa eksperiment keçirilməli, ekspertiza təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsidə Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-5984/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5984/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver